“Sputnik”ə, RİA “Novosti”yə çox dözəcəyik? - TƏHLİL

“Sputnik”ə, RİA “Novosti”yə çox dözəcəyik? - TƏHLİL
# 03 iyun 2022 14:55 (UTC +04:00)

Azərbaycan Rusiya mətbuatının yumşaq desək, həyasızlığına susduqca, onlar daha da irəli gedir. Təbii ki, bu prosesdə Rusiya dövlətinin əsas ruporlarından olan məlum mənşəli Marqarita Simonyanın rəhbəri olduğu media resursları öndədir.

Simonyan istər 44 günlük müharibədən əvvəl, istər Vətən müharibəsi vaxtı, istərsə də müharibədən sonra Rusiya dövlətinin maliyyəsini və imkanlarını özünün cılız, xəstə milli maraqları üçün gen-bol istifadə edib və edir. Bir az dərinə gedəndə, əslində, bu prosesdə Moskva ilə Simonyanın maraqlarının üst-üstə düşdüyünü də söyləmək olar. Əks halda, Rusiya öz resurslarını niyə Simonyan və onun kimilərin ixtiyarına versin ki?..

Bu günə qədər fəaliyyəti artıq bir çox ölkədə dayandırılmış “Spuntik” agentliyi Qarabağdakı separatçılara açıq-aşkar dəstək verir, Azərbaycan əleyhinə təbliğatın başında dayanır. Son olaraq isə Marqarita Simonyanın rəhbərlərindən olduğu Rusiyanın dövlət agentliyi RİA “Novosti”ni bu rolda görürük.

Rusiyanın dövlət agentliyi bu dəfə Qarabağda bir ünsür tapıb, onunla müsahibə hazırlayıb. Məsələ Beqlaryan soyadlı həmin ünsürün nə danışmasında deyil. Əsas həmin şəxsi RİA “Novosti”nin necə təqdim etməsi, onun dediklərini tirajlaması, ona tribuna verməsidir.

Müsahibədə həmin şəxs Dağlıq Qarabağ Respublikasının dövlət naziri kimi təqdim olunur. RİA “Novosti” əvvəllər “Dağlıq Qarabağ Respublikası”nın qarşısına tanınmamış qeydini versə də, bu dəfə artıq bu qeydə ehtiyac görməyib. Rusiyanın dövlət agentliyi bununla “Dağlıq Qarabağ Respublikası”nı tanımış kimi davranıb.

Rusiya mətbuatında, xüsusən dövlət media resurslarında son vaxtlar Azərbaycana qarşı yönəlmiş, Bakını qıcıqlandıracaq bu kimi hallara tez-tez rast gəlinir. Ümumiyyətlə, Rusiyanın Ukraynada müharibəyə başlamasından sonra şimal qonşumuzun münasibətində aqressivlik, ədalətsizliklə daha mütəmadi üzləşməyə başlamışıq. Müxtəlif səviyyələrdə səslənən bəyanatlardan, açıqlamalardan, Rusiya mediasında yayılan məqalələrdən Azərbaycana nifrət, hədə, kin tökülür. Səbəb də odur ki, Azərbaycan, Azərbaycan mətbuatı Rusiyanın Ukraynaya təcavüzünü dəstəkləmir. Hətta bu müharibəni obyektiv, həm Rusiyanın, həm də Ukraynanın rəsmi qurumlarının bəyanat və açıqlamalarını verməklə işıqlandıran Azərbaycan mediasının bəzi təmsilçiləri Rusiya ərazisində bloklanıb.

Bunun əvəzində isə Azərbaycan ərazisində heç vaxt mövcud olmamış və olmayan bir qondarma qurum “tapıb”, onu təqdim edən, olmayan qurumun olmayan “dövlət naziri”ndən müsahibə alan “sputniklər”, “ria novostilər” ölkəmizdə rahat şəkildə fəaliyyətini davam etdirir.

Rusiya mediası, xüsusilə dövlət mətbuatı nümayişkaranə şəkildə Azərbaycanın əleyhinə çalışır, ölkəmizin ərazisində terrora, terrorçulara, separatizmə dəstək verir.

Görünən budur ki, Bakının bunun qarşılığında indiyədək hər hansı addım atmaması onları daha da ruhlandırır. Bu media quruluşları artıq separatçı-terror tör-töküntülərinə açıq dəstək vermək həddinə qədər cəsarətləniblər.

Bunun bir cavabı olmalıdır. Rusiya dövlətinin və dövlət mediasının etdiklərinin qarşılığında “Sputnik”in Azərbaycanda fəaliyyəti çoxdan dayandırılmalı, RİA “Novosti” və digər resursların ölkəmizdə büroları, müxbir postları ləğv edilməli idi. Azərbaycanda Rusiyanın, eləcə də Ermənistanın və Qarabağdakı separatçı-terrorçuların ruporuna çevrilmiş bu resurslar hansı əsasla fəaliyyətlərini bu gün də davam etdirir? Bunun bir məntiqi izahı var?

RİA “Novosti”nin tribuna verdiyi separatçı Beqlaryanın dediklərini oxuduqca, onun sanki Rusiyanın arzularını səsləndirdiyi qənaətinə gəlmək mümkündür. “Rusiya sülhməramlıları Qarabağda müddətsiz qalmalıdır”, “Avropa İttifaqı münaqişənin nizamlanması ilə məşğul ola bilməz, bunun üçün qəbul edilmiş format-ATƏT-in Minsk qrupu var” və s. sərsəmləmələri biz Rusiyanın rəsmi və qeyri-rəsmi ağızlarından tez-tez eşidirik.

Rusiyanın dövlət agentliyi RİA “Novosti”nin bu sərsəmləmələrə yer verməsi isə bu separatçı ünsürün dediklərinin məhz Moskvanın mövqeyi ilə üst-üstə düşdüyünü söyləməyə növbəti dəfə əsas verir. Görünən budur ki, Rusiya dövləti mövqeyini Azərbaycan ərazisində hansısa dəlikdə müvəqqəti gizlənmiş siçovulun dili ilə səsləndirir. Bu gün Ukraynada bütün dünyayla savaşdığını bəyan edən Rusiya dövləti Qarabağdakı hansısa separatçı ünsürün ümidinə qalıb. Moskva adına çox acınacaqlıdır.

Azərbaycan dövləti isə artıq Rusiya mediasının, xüsusilə dövlət mətbuatının bu addımlarına səssiz qalmamalıdır. Heç bir əsas olmadan Azərbaycanın bəzi media orqanlarının fəaliyyətini ərazisində dayandıran Rusiyanın media resurslarına qarşı da analoji addımlar atılmalıdır. Çünki bu gün rastlaşdığımız mənzərə Moskvanın Qarabağdakı separatçılara qoşularaq daha da irəli getdiyini göstərir.

Ancaq həm Rusiya, həm də Qarabağdakı terrorçu-separatçı tör-töküntülər unutmamalıdır ki, Qarabağın Azərbaycan torpağı olduğunu bütün dünya qəbul edir, 44 günlük müharibədən sonra bölgədə yaranmış reallıqla hesablaşır. Rusiya sülhməramlılarının Qarabağda nə qədər qalacağına da Azərbaycan qərar verəcək. Rusiya və Rusiya mətbuatı belə davam edəcəyi təqdirdə Qarabağdakı sülhməramlıların ilk 5 ilin tamamında ölkələrinə yollanacağı ehtimalı daha yüksəkdir. Bəri başdan Rusiya sülhməramlılarına tövsiyəmiz isə odur ki, Qarabağdan çıxanda digər separatçılarla yanaşı, Beylaryan soyadlı həmin mikrobu da özləri ilə götürməyi yaddan çıxarmasınlar.

APA Analytics

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR