7 yaşı tamam olmuş uşağın himayədar ailəyə verilməsi zamanı fikri öyrəniləcək

7 yaşı tamam olmuş uşağın himayədar ailəyə verilməsi zamanı fikri öyrəniləcək
# 02 may 2023 13:29 (UTC +04:00)

Uşağın himayədar ailəyə verilməsinə uşaqların, valideynlərin, uşağın yerləşdiyi müəssisələrin rəhbərlərinin razılığına dair yeni qayda müəyyənləşir.

APA xəbər verir ki, bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan Ailə Məcəlləsinə təklif edilən dəyişiklikdə əksini tapıb.

Qüvvədə olan qanuna əsasən, uşağın himayədar ailəyə verilməsi onun fikri nəzərə alınmaqla həyata keçirilir. 10 yaşı tamam olmuş uşaq isə yalnız öz razılığı alındıqdan sonra himayədar ailəyə verilə bilər.

Layihəyə əsasən, 7 yaşı tamam olmuş uşağın himayədar ailəyə verilməsi zamanı onun fikri pedaqoji işçinin və ya psixoloqun iştirakı ilə öyrəniləcək və nəzərə alınacaq. 10 yaşı tamam olmuş uşaq himayədar ailəyə verildikdə isə yenə onun razılıq verməsi zəruri olacaq.

Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlar üçün müəssisəyə yerləşdirilmiş uşağın himayədar ailəyə verilməsi zamanı onun valideynlərinin (olduğu halda) və yerləşdiyi müəssisənin razılığı tələb olunmayacaq.

Müzakirələrdən sonra qanun layihəsi səsverməyə çıxarılaraq birinci oxunuşda qəbul edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR