Cinsi zorakılığa görə məhkum edilənlər pedaqoji fəaliyyətlə məşğul ola bilməyəcəklər

Cinsi zorakılığa görə məhkum edilənlər pedaqoji fəaliyyətlə məşğul ola bilməyəcəklər
# 28 oktyabr 2022 16:04 (UTC +04:00)

Pedaqoji fəaliyyətlə məşğul olması qadağan edilən şəxslərin siyahısı genişləndirilir.

APA xəbər verir ki, bu, Milli Məclisin İnsan hüquqları komitəsinin bu gün keçirilən iclasında müzakirə edilən və parlamentin plenar iclasına tövsiyə edilən “Təhsil haqqında” qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.

Layihəyə əsasən, uşaqlara qarşı cinsi istismar və ya cinsi zorakılıqla bağlı cinayətə görə məhkum olunmuş şəxslər pedaqoji fəaliyyətlə məşğul ola bilməyəcəklər.

Eyni zamanda ümumi təhsil müəssisələri tərəfindən yetkinlik yaşına çatmayanların öz inkişaf səviyyələrinə uyğun cinsi istismar və cinsi zorakılıq təhlükələri, habelə özünü müdafiə vasitələri barədə məlumat almaları təmin edilir. Bu zaman onlara cinsi tərbiyəyə dair ümumi məlumat verilir, təhlükəli vəziyyətlərə, xüsusilə yeni informasiya və kommunikasiya texnologiyalarından istifadədən irəli gələn hallara xüsusi diqqət yetirilir. Belə məlumatların təqdim edilməsinə yetkinlik yaşına çatmayanların valideynləri və ya digər qanuni nümayəndələri cəlb edilə biləcəklər.

Analoji dəyişikliklər “Ümumi təhsil haqqında” qanuna təklif edilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR