DYP: Piyada vurmaların qarşısının alınması üçün nəzarət gücləndirilib

DYP: Piyada vurmaların qarşısının alınması üçün nəzarət gücləndirilib
# 26 iyul 2022 10:46 (UTC +04:00)

Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsi sürücü və piyadalara müraciət edib.

İdarədən APA-ya daxil olan müraciətdə deyilir:

“Yay mövsümü ilə əlaqədar paytaxt yollarındakı hərəkətlilik əsaslı şəkildə hiss olunmaqdadır, bu da mövsümə xarakterik olaraq təbii qiymətləndirilir. İstər piyada qismində, istərsə də sürücülərin gündəlik hərəkətlərinin gecə saatlarına qədər davam etməsi yol hərəkəti qaydalarının pozulması və bu fonda bir sıra bədbəxt hadisələrin artmasına gətirib çıxarır.

Yol-nəqliyyat hadisələrinin baş vermə səbəbləri və şəraiti araşdırılarkən müxtəlif amillərlə rastlaşırıq. Adətən əsas səbəb yol hərəkəti qaydalarının pozulması ilə əlaqəli olur.

Əgər sürücü yolda müəyyən olunmuş sürət həddini görüb ona əhəmiyyət vermirsə, aramla hərəkətdə olan nəqliyyat axınında digər sürücülərə hörmətsizlik edərək nümayişkəranə şəkildə qarşı hərəkət zolağına çıxırsa, ötmə, manevr etmə və yaxud yolayrıcını keçmə qaydalarını bilərəkdən və kobud şəkildə pozursa, araməsafəsi saxlamırsa, bu o demək deyil ki, həmin şəxs törətdiyi əməllərin qanuna zidd olduğundan, nəticəsinə görə cavabdehlik daşıdığından xəbərdar deyil, sadəcə məsuliyyət hissini unudaraq hərəkətlərini davam etdirir.

Sözsüz ki, sükan arxasına əyləşən hər bir sürücü yol və hava şəraitinə görə nə qədər təcrübəli olduğunu özü daha yaxşı bilməli, təhlükəli situasiyanı düzgün qiymətləndirməyi bacarmalı, daima yol hərəkəti qaydalarına dair biliklərini və sürücülük vərdişlərini təkmilləşdirməlidir. Bir sözlə, hər bir peşə sahəsində olduğu kimi, nəzərə alsaq ki sürücülük özü də bir peşədir, sürücü həmişə öz üzərində çalışmalı, yollarda diqqətli və məsuliyyətli olmalıdır. Hətta istənilən peşəkar sürücünün belə, ani diqqətsizliyi, məsuliyyətsizliyi faciəvi qəzaya səbəb ola bilər.

Piyadaların da diqqətinə bir daha çatdırırq ki, küçə və yolları piyadalar üçün nəzərdə tutulan yerlərdən keçin, məhdudiyyətli görünmə, yəni duman, yağış, qar şəraitində, habelə sutkanın qaranlıq vaxtı xüsusilə diqqətli olun, qulaqlıqdan istifadə ətrafdakı avtomobillərin səsini eşitməyə imkan vermədiyi üçün yolu keçərkən ondan istifadə etməyin, ictimai nəqliyyatı gözləyərkən və ona minib-düşərkən, həmçinin qəflətən avtomobil yoluna çıxmayın, yaxınlaşmaqda olan avtomobillərin sürətini düzgün qiymətləndirin, onların tam dayandığına, sürücülərin sizə yol verdiklərinə əmin olduqdan sonra hərəkətə başlayın.

Baş Dövlət Yol Polisi İdarəsi bir daha bütün hərəkət iştirakçılarına yol hərəkəti prosesində məsuliyyət hissinin son dərəcə vacib olduğunu xatırladır, hər kəsi yollarda intizamlı olmaqla ölkəmizdə yol hərəkəti mədəniyyətinin möhkəmlənməsinə və qəzaların sayının azaldılmasına yardımçı olmağa dəvət edir”.

BDYPİ-nin açıqladığı digər məlumatda isə qeyd olunub ki, respublika ərazisində piyada vurma hallarının qarşısının alınması istiqamətində nəzarət tədbirləri gücləndirilib:

“Piyadaların diqqətinə çatdırırıq ki, küçə və yolları sizin üçün nəzərdə tutulan yerlərdən keçin, nizamlanan və ya nizamlanmayan piyada keçidlərindən istifadə edərkən yoldakı sürət həddini, hərəkətin intensivliyini, hava və görmə şəraitini, sürücülərin nəqliyyat vasitəsini dayandıra bilib-bilməyəcəyini nəzərə alın, məhdudiyyətli görünmə şəraitində, habelə sutkanın qaranlıq vaxtı xüsusilə diqqətli olun, yaxınlaşmaqda olan avtomobillərin sürətini düzgün qiymətləndirin, onların tam dayandığına, sürücülərin sizə yol verdiklərinə əmin olduqdan sonra hərəkətə başlayın. Eyni zamanda, ictimai nəqliyyatı gözləyərkən və ya ona minib-düşərkən ehtiyatlı olun, qəflətən avtomobil yoluna çıxmayın, yolu keçərkən mobil telefondan, eləcə də ətrafdakı avtomobillərin səsini vaxtında eşitmək üçün qulaqlıqdan istifadə etməyin və ən əsası azyaşlıları yollarda nəzarətsiz qoymayın”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR