Media nümayəndələri üçün insan alverinə qarşı mübarizə mövzusunda təlim keçirilir - FOTO

Media nümayəndələri üçün insan alverinə qarşı mübarizə mövzusunda təlim keçirilir  - FOTO
# 02 sentyabr 2022 16:30 (UTC +04:00)

Media nümayəndələri üçün insan alverinə qarşı mübarizə mövzusunda təlim keçirilir.

APA xəbər verir ki, "APA Media Group"un ofisində baş tutan təlimdə ölkənin bir sıra aparıcı media qurumunun əməkdaşı iştirak edir. Təlimin məqsədi bu sahədə xəbər hazırlayan jurnalistlərin bacarıqlarının artırılmasıdır.

"Azərbaycan Uşaqları" İctimai Birliyinin sədri Kəmalə Ağazadə və “Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova media nümayəndələrinə insan alveri qurbanları ilə bağlı məlumat hazırlayarkən hansı məsələlərə diqqət yetirilməli olduğundan danışıb və kimlərin potensial insan alveri qurbanı ola biləcəyini qeyd ediblər.

Təlimdə Daxili İşlər Nazirliyinin İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları Vamiq Naməndzadə və Emin Əsədov da iştirak edib, insan alverinə qarşı mübarizənin qanuni tərəflərindən söz açıblar. Vamiq Naməndzadə bildirib ki, əgər şəxsin insan alverinin qurbanı olduğu müəyyən edilirsə, o, bu müddət ərzində törətdiyi inzibati, mülki cinayətlərə görə məsuliyyət daşımır:

"Şəxs insan alverinə cəlb olunduğu andan cinayət bitmiş sayılır. Yəni, alverçi qurbanı istismar etməyə müvəffəq olmasa belə, bu, artıq cinayət hesab edilir. İndan alverinin qurbanı olmuş əksər insanlar elə bilir ki, qurban yox, cinayətkardır və buna görə çox vaxt ifadə verməyə qorxurlar".

DİN əməkdaşı həmçinin jurnalistlərdən əldə etdikləri məlumatı yaymazdan öncə, bu barədə müvafiq idarəyə məlumat vermələrini xahiş edib. O bildirib ki, hardansa əldə edilmiş məlumat kortəbii işıqlandırıldıqda, onlar məsələni araşdırana qədər cinayətkar dəlilləri yox edə və beləliklə də cinayətin üstünün açılması mümkünsüz ola bilər.

Təlimdə iştirakçılara verilmiş keyslər əsasında xəbər hazırlamaqla bağlı tapşırıq da verilib və jurnalistlər iki qrupa bölünməklə təqdimat hazırlayıblar.

Təlim sabah da davam edəcək.

Qeyd edək ki, bu gün "APA Media Group", "Təmiz Dünya" Qadınlara Yardım İctimai Birliyi, "Azərbaycan Uşaqları" İctimai Birliyi", "Təmas" Regional İnkişaf İctimai Birliyi qeyri-hökumət təşkilatları arasında "Tərəfdaşlıq körpüsü" İnformasiya Dəstəyi Memorandumu imzalanıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR