ATU-da plan yerlərinin sayı artırılıb

ATU-da plan yerlərinin sayı artırılıb
# 23 may 2020 12:11 (UTC +04:00)

“Bu il Azərbaycan Tibbi Universitetində (ATU) plan yerlərinin sayı artırılıb”.

Bunu APA-ya universitetin mətbuat katibi Günel Aslanova deyib. O bildirib ki, artım bütün ixtisaslar üzrə nəzərdə tutulub.

“Bu ildən “Tibb” ixtisası adlanacaq, əvvəlki “Müalicə işi” ixtisası üzrə qəbul üçün 550 yer nəzərdə tutulub. Bu ötən il, həmçinin 2018-ci illə müqayisədə daha çoxdur. Çünki 2018- ci ildə aparılan qəbul planında kəskin azalma olmuşdu. Bu da narazılığa səbəb olmuşdu. Keçən illə müqayisədə bu ixtisas üzrə 50 yer artırılıb. Digər ixtisaslarda da plan yerləri artırılıb”.

G.Aslanova yeni açılan ixtisaslar barədə də məlumat verib. Onun sözlərinə görə, yeni açılan ixtisaslardan “Fizioterapiya və tibbi reabilitasiya” ixtisası üzrə 40 plan yeri ayılıb:

“Bundan başqa, ali təhsilli tibb bacısı ixtisası üzrə qəbul aparılacaq, bu, ölkədə ilk dəfədir. Bu ixtisasa da 40 yer ayrılıb. Bununla yanaşı magistraturada “Klinik psixologiya” ixtisası üzrə 10, “Səhiyyə menecmenti” ixtisasına 10 yer, “Əczaçılıq” ixtisasına 15 yer ayrılıb. Həmçinin “Hərbi feldşer işi” üzrə 30 plan yeri ayrılıb. Keçən illə müqayisədə Azərbaycan Tibb Universitetində 200-ə yaxın plan yeri artırılıb”.

Qeyd edək ki, 2019/20-ci tədris ili üçün ATU-da 600 plan yeri ayrılmışdı.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR