AMEA: Yalançı Elmə Qarşı Mübarizə üzrə Komissiyaya elmi iddialarla bağlı müraciət daxil olmayıb

AMEA: Yalançı Elmə Qarşı Mübarizə üzrə Komissiyaya elmi iddialarla bağlı müraciət daxil olmayıb
# 16 oktyabr 2019 13:20 (UTC +04:00)

"Azərbaycan Milli Elmlər Akademiyasında (AMEA) Yalançı Elmə Qarşı Mübarizə üzrə Komissiya yaradılmamışdan əvvəl elmi iddialarla bağlı çox müraciətlər olurdu. Sudan enerji aldığını, ağacdan qaz aldığını deyənlər var idi".

Bu barədə APA-ya AMEA-dan bildirilib. Qeyd olunub ki, komissiya yaradılana qədər kəşf adı ilə müxtəlif elmi iddalar irəli sürürdülər. Buna görə əsassız elmi iddialarla işləmək üçün komissiya yaradılması zərurəti ortaya çıxıb.

Məlumata əsasən, komissiya yaradılandan sonra yalançı elmi iddiaçılar komissiyaya müraciət etməyiblər, çünki komissiya elmi iddianın düzgün olub-olmadığını araşdırıb qiymətləndirir. AMEA-dan bildirilib ki, komissiyanın yaradılması müsbət addımdır, çünki bununla yalançı iddialar gündəmdən çıxıb: "Ümumilikdə komissiyaya müraciət olmayıb. Ona görə də komissiyanın hesabatı da yoxdur".

Qeyd edək ki, AMEA-da Yalançı Elmə Qarşı Mübarizə üzrə Komissiya 2016-cı il dekabrın 6-da yaradılıb və tərkibi təsdiqlənib. Komissiyanın sədri akademik Dilqəm Tağıyev, sədr müavini AMEA-nın müxbir üzvü Bəxtiyar Əliyev, üzvləri isə akademiklər Telman Əliyev, Hətəm Quliyev, Vasif Babazadə, AMEA-nın müxbir üzvləri Nuru Bayramov və Namiq Cəlilov seçilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR