Aİ-nin Azərbaycandakı Nümayəndəliyində bayraq endirilib

Aİ-nin Azərbaycandakı Nümayəndəliyində bayraq endirilib
# 11 yanvar 2022 13:42 (UTC +04:00)

Avropa Parlamentinin Prezidenti David Sassolinin vəfatı ilə əlaqədar Avropa İttifaqının (Aİ) Azərbaycandakı Nümayəndəliyində bayraq yarıya qədər endirilib.

Bu barədə APA-ya Aİ-nin Azərbaycandakı Nümayəndəliyindən bildirilib.

Aİ institutlarında da Prezident Sassolinin vəfatı ilə əlaqədar bayraqlar yarıya qədər endirilib.

Qeyd edək ki, Avropa Parlamentinin Prezidenti David Sassoli gecə saatlarında İtaliyanın Aviano şəhərində müalicə aldığı xəstəxanada vəfat edib. Dekabrın 26-dan xəstəxanaya yerləşdirilən Avropa Parlamentinin Prezidenti Sassoli immun sisteminin disfunksiyası nəticəsində dünyasını dəyişib. Sassoli keçən ilin sentyabrında bir neçə həftə pnevmoniya diaqnozu ilə xəstəxanada müalicə olunmuşdu.

David Sassoli 1956-cı ilin 30 mayında Florensiyada anadan olub. Qəzetlərdə və televiziyada jurnalist kimi 30 illik karyerasından sonra Sassoli 2009-cu ildə Avropa Parlamentinin üzvü, 2019-cu ildə Avropa Parlamentinin Prezidenti seçilib.

O, sağ mərkəzçi Avropa Xalq Partiyasından sonra parlamentdə ikinci ən böyük fraksiya olan mərkəz-sol Sosialistlər və Demokratların Mütərəqqi Alyansının üzvü idi.

Xatırladaq ki, Avropa Parlamentinə seçkilər 5 ildən bir keçirilir, lakin qurumun prezidenti bu müddətin yarısını (2.5 il) vəzifədə olur. Sassoli yenidən seçilmək istəmədiyini bildirmişdi.

Yanvarın 18-də Avropa Parlamentinin deputatları yeni Prezidenti seçmək üçün səsvermənin ilk turunu keçirəcəklər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR