Azərbaycan-Pakistan iqtisadi əlaqələrinin genişləndirilməsi imkanları müzakirə edilib

Xəzər Fərhadov və Abdul Razak Davud

© APA | Xəzər Fərhadov və Abdul Razak Davud

# 06 yanvar 2022 17:19 (UTC +04:00)

Azərbaycan Respublikasının Pakistan İslam Respublikasındakı səfiri Xəzər Fərhadov Pakistan Baş nazirinin ticarət və investisiya üzrə müşaviri Abdul Razak Davud ilə görüşüb.

Səfirlikdən APA-ya verilən məlumata görə, Xəzər Fərhadov səmimi qəbula görə Pakistan Baş nazirinin ticarət və investisiya üzrə müşavirinə təşəkkürünü bildirərək, Azərbaycan-Pakistan münasibətlərdən söz açıb və bu münasibətlərin yüksək səviyyədə olmasında hər iki ölkə rəhbərliyinin rolunu xüsusi vurğulayıb.

İki ölkə arasında iqtisadi əlaqələrin daha da gücləndirilməsinin vacibliyindən bəhs edən X.Fərhadov, Azərbaycan-Pakistan Hökumətlərarası Birgə Komissiyanın əhəmiyyətini diqqətə çatdırıb, eləcə də bu Komissiya çərçivəsində ölkələrimizin müvafiq qurumları arasında enerji, nəqliyyat, turizm, təhsil, səhiyyə və İT sahələrində işçi qruplarının yaradılması istiqamətində işlərin artıq başlandığını qeyd edib.

Səfir Azərbaycanın Şərq-Qərb, Şimal-Cənub nəqliyyat kommunikasiya dəhlizlərinin kəsişməsində yerləşdiyini diqqətə çatdıraraq ölkəmizin həyata keçirdiyi bir sıra beynəlxalq layihələrdən, həmçinin Ələt Azad İqtisadi Zonasının potensialından danışıb. İki ölkə arasında ticarət əlaqələrinin güclənməsinə xüsusi töhfə verəcək müvafiq müqavilə-hüquq bazası üzrə hər iki ölkənin aidiyyəti qurumlar arasında müzakirələr aparıldığını diqqətə çatdırıb.

Pakistan Baş nazirinin ticarət və investisiya üzrə müşaviri Abdul Razak Davud ölkələrimiz arasındakı səmimi əlaqələrdən bəhs edib və iqtisadi əlaqələrin gücləndirilməsinin vacibliyini vurğulayıb. Hər iki ölkənin iqtisadi potensialını qeyd edən müşavir, ən qısa zamanda Pakistan nümayəndə heyəti ilə Bakıya səfər etmək niyyətini dilə gətirib. A.R.Davud ticarət əlaqələrimizin güclənməsinə xüsusi töhfə verəcək müvafiq müqavilə-hüquq bazası üzrə hər iki ölkənin aidiyyəti qurumları arasında aparılan danışıqların əhəmiyyətini qeyd edərək, Azərbaycan-Pakistan iqtisadi əlaqələrin daha da gücləndirilməsi üçün səylərin artırılacağını ifadə edib.

Görüşdə həmçinin, Azərbaycan-Pakistan-Türkiyə üçtərəfli əməkdaşlıq formatının əhəmiyyəti barədə də fikir mübadiləsi aparılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR