Deputat: Erməni qəsbkarları Cənubi Azərbaycanda da kütləvi qətliamlar törədiblər

Deputat: Erməni qəsbkarları Cənubi Azərbaycanda da kütləvi qətliamlar törədiblər
# 29 mart 2023 17:59 (UTC +04:00)

“Ermənilər uzun illər Azərbaycan xalqına qarşı kütləvi qətliamlar və soyqırımlar törədiblər. Məqsəd isə Azərbaycan torpaqlarında etnik təmizləmə aparmaq, bu torpaqlar hesabına “böyük Ermənistan” xülyasını gerçəkləşdimək olub”.

Bunu APA-ya açıqlamasında Milli Məclisin deputatı Vüqar İskəndərov deyib.

Vüqar İskəndərov qeyd edib ki, bölgədə Azərbaycan xalqına qarşı faciələrin əsası 1813-cü və 1828-ci illərdə imzalanmış Gülüstan və Türkmənçay müqavilələri ilə, yəni Azərbaycan xalqının parçalanması və tarixi torpaqlarımızın bölünməsi ilə qoyulub: “Sonrakı dövrdə isə həmin torpaqların özgəninkiləşdirmə prosesinə başlanılıb. Tarixdən də bəlli olduğu kimi qısa müddətdə ermənilərin kütləvi surətdə Azərbaycan torpaqlarına köçürülməsi həyata keçirilib. Bundan sonra erməni qəsbkarları azərbaycanlılara qarşı silsilə kütləvi qırğınlara start veriblər. Erməni qəsbkarları 1905-1907-ci illərdə azərbaycanlılara qarşı kütləvi qırğınlar həyata keçirib”.

Deputat bildirib ki, ermənilərin azərbaycanlılara qarşı törətdiyi qətliamlar içərisində 1918-ci ilin mart soyqırımı öz qəddarlığı ilə xüsusilə fərqlənir: “Birinci dünya müharibəsi, Rusiyada baş vermiş 1917-ci il fevral və oktyabr çevrilişlərindən məharətlə istifadə edən ermənilər bu dəfə öz mənfur niyyətlərini bolşevik bayrağı altında reallaşdırmağa çalışıblar. 1918-ci ilin mart ayından etibarən Bakı Kommunası tərəfindən əksinqilabçılarla mübarizə şüarı altında Bakı quberniyasının azərbaycanlılardan təmizlənməsi planı gerçəkləşdirilib. Həmin günlərdə Bakı şəhərində, habelə Bakı quberniyasına daxil olan Şamaxı, Quba və digər şəhər və qəzalarda on minlərlə dinc sakin məhz etnik və dini mənsubiyyətinə görə qətlə yetirilib, yaşayış məntəqələri dağıdılıb, mədəniyyət abidələri, məscid və qəbiristanlıqlar yerlə-yeksan edilib. Sonrakı dövrlərdə daha da azğınlaşan erməni millətçiləri qeyri-insani əməllərini davam etdirib, Qarabağ, Zəngəzur, Naxçıvan, Şirvan, İrəvan və digər bölgələrdə kütləvi qətllər, talanlar və etnik təmizləmələr həyata keçiriblər. Onu da deyim ki, həmin günlərdə erməni qəsbkarları Cənubi Azərbaycanda da kütləvi qətliamlar törədiblər”.

Deputat deyib ki, Azərbaycan Xalq Cümhuriyyəti yarandıqdan sonra 1918-ci ilin mart hadisələrinə xüsusi diqqət yetirilib və Nazirlər Şurası iyulun 15-də bu faciənin tədqiqi məqsədi ilə Fövqəladə İstintaq Komissiyasının yaradılması haqqında qərar qəbul edib: “Əslində bu, azərbaycanlılara qarşı yürüdülən soyqırımı və bir əsrdən artıq davam edən torpaqlarımızın işğalı prosesinə tarixdə ilk dəfə siyasi qiymət vermək cəhdi olub. Lakin Xalq Cümhuriyyətinin süqutundan sonra həmin proses dayandırılıb, baş verənlərin sona qədər təhqiq edilməsinin və ona müvafiq siyasi-hüquqi qiymət verilməsinin qarşısı alınıb. Yalnız 1998-ci il martın 26-da Azərbaycan Respublikası Prezidenti Heydər Əliyevin imzaladığı “Azərbaycanlıların soyqırımı haqqında” Fərmanda həmin dəhşətli hadisələrə adekvat siyasi qiymət verilib və 31 mart “Azərbaycanlıların Soyqırımı Günü” elan edilib. Ulu öndərin siyasətini davam etdirən Prezident İlham Əliyev də soyqrım haqqında həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması üçün müvafiq tapşırılaq verib və sənədlər imzalayıb. 2013-cü il sentyabrın 18-də Quba Soyqırımı Memorial Kompleksinin açılışı, həmçinin, Prezident İlham Əliyevin 2018-ci il yanvarın 18-də “1918-ci il azərbaycanlıların soyqırımının 100 illiyi haqqında” Sərəncam imzalaması da bunun bariz nümunəsidir”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR