Ramiz Alıyev: “Metallurgiya zavodunun inşası Ermənistanın Azərbaycana qarşı növbəti ekoloji cinayətidir”

Ramiz Alıyev, politoloq

© APA | Ramiz Alıyev, politoloq

# 08 iyun 2023 14:52 (UTC +04:00)

Ermənistan Naxçıvan və Türkiyə ilə yaxın ərazidə - tarixi Azərbaycan torpağı olan Arazdəyəndə ABŞ sərmayəsi ilə 70 milyon dollarlıq iri metallurgiya zavodu inşa etməyə hazırlaşır. 16 500 kvadratmetr ərazini əhatə edəcək zavodun illik istehsal gücü 180 000 ton olacaq. İri metallurgiya zavodunun inşa olunacağını Ermənistanın iqtisadiyyat naziri Vahan Kerobyan da təsdiqləyib. Ermənistanın ətraf mühitə ölümcül təsir göstərəcək zavodu Naxçıvanla sərhəddə, eyni zamanda Türkiyənin də yaxınlığında inşa etməsi təsadüfi deyil. Bu, düşünülmüş addımdır.

Bunu APA-ya açıqlamasında politoloq Ramiz Alıyev bildirib.

Politoloq deyib ki, zavod fəaliyyətə başlayarsa, geniş zolaqda ətraf mühitin, ekosistemin pozulmasına, havanın zəhərli tullantılarla çirklənməsinə səbəb olacaq: “Arazdəyən kəndi Araz çayının kənarındadır. Zavoddan çıxan tullantılar, sözsüz ki, Araz çayına buraxılacaq. Ermənistanın Azərbaycana və Türkiyəyə ekoloji terroru daha öncə də olub. Söhbət “Metsamor” Atom Elektrik Stansiyasının ətraf mühitə mənfi təsirlərindən, eləcə də uzun illərdir ki, erməni işğalında olmuş Sərsəng su anbarından ekoloji silah kimi istifadə olunmasından gedir. Azərbaycanın əsas mənbələrindən olan Araz çayı Ermənistandan keçdiyindən burada məqsədli şəkildə çirkləndirilir. Araz çayını çirkləndirən əsas mənbələr Axuraçay, Zəngiçay, Zod Filizsaflaşdırma Kombinatı, Oxçuçay və başqa kiçik çaylardır. Ermənistanın iri mədən zavodlarının yüksək kimyəvi tərkibli tullantıları uzun müddətdir ki, Oxçuçaya tökülür. Oxçuçaydan Araza, oradan Kürə və nəhayət, Xəzər dənizinə ağır metallar, turşu, qələvi və aşı maddələrlə zəngin tullantılar daxil olması alimlərimiz tərəfindən təsdiq olunmuşdur. Uzun müddət ermənilərin işğalında olan Tərtərçay, Tovuzçay, Xaçınçay və digər kiçik çaylarımız da çirkləndirlib”.

Politoloq onu da qeyd edbi ki, Sədərək rayonunun yaxınlığında tikiləcək zavodun fəaliyyəti nəticəsində təkcə Araz çayı çirkləndirilməyəcək, həmçinin havaya buraxılan zəhərli qaz fauna və floraya öldürücü təsir göstərəcək: “Beynəlxalq konvensiyaya görə, əgər bir dövlətin ərazisində planlaşdırılan hansısa layihə, iş digər ölkələrin ekologiyasına mənfi təsir göstərərsə, onun tikintisi dayandırılmalıdır, yaxud da qonşu dövlətdən razılıq alınmalıdır. Ermənistan növbəti dəfə beynəlxalq hüquq norma və prinsiplərini, xüsusilə də BMT-nin Avropa İqtisadi Komissiyasının Transsərhəd kontekstdə ətraf mühitə təsirin qiymətləndirilməsi haqqında Konvensiyasının (Espo Konvensiyası) müddəalarını kobud surətdə pozur. Ermənistanın beynəlxalq ekoloji hüquq normalarına riayət etməməsi ilk hal deyil. Bir müddət əvvəl Metsamor Atom Elektrik Stansiyasının ərazisində yeni nüvə reaktorunun tikintisi planları ilə əlaqədar Azərbaycan Espo Konvensiyası çərçivəsində Ermənistana qarşı iddia irəli sürmüş və Ermənistanın Konvensiyanın müddəalarına əməl etmədiyi barədə qərar çıxarılmışdır”.

Ramiz Alıyev vurğulayıb ki, Ermənistanın qanunsuz fəaliyyətləri təkcə Azərbaycanın deyil, ümumi regionun ekoloji mühiti üçün təhlükə mənbəyinə çevrilib: “Bir tərəfdən sülh prosesindən danışan, praktikada isə bunun əksinə addımlar atan Ermənistan sülhə hazır olmadığını nümayiş etdirir. Ermənistanın fəaliyyəti BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərinə qarşı yönəlib, xüsusilə də hər kəsin sağlamlığının təmin edilməsi, təmiz su və sanitariya, iqlim dəyişikliyinin fəsadlarına qarşı mübarizə, torpaq ekosisteminin mühafizəsi və digər tələblərini pozur. Təmiz və sağlam ətraf mühit insan hüququ kimi tanımır. Deməli, Ermənistan ekologiyaya ciddi ziyan vurmaqla, həm də region əhalisinin insan hüquqlarını kobud şəkildə pozur”.

Ramiz Alıyev hesab edir ki, Azərbaycan dövləti məsələ ilə bağlı beynəlxalq təşkilatlara, o cümlədən zavodun inşasını maliyyələşdirən ABŞ-a müraciət ünvanlamalıdır: “ABŞ Arazdəyəndə iri metallurgiya zavodu tikmək istəyən şirkətə xəbərdarlıq etməli, onu cinayət əməlindən döndərməlidir. Məsələ ilə bağlı ABŞ-ın Azərbaycan və Ermənistandakı səfirliklərinə müraciət olunmalıdır. Metallurgiya zavodunun inşası Ermənistanın Azərbaycana qarşı növbəti ekoloji cinayətidir”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR