Səfir: “Aİ Azərbaycanın minatəmizləmə səylərini dəstəkləyir”

Səfir: “Aİ Azərbaycanın minatəmizləmə səylərini dəstəkləyir”
# 06 iyun 2022 14:53 (UTC +04:00)

BMT-nin İnkişaf Proqramı (BMTİP) və Avropa İttifaqı (Aİ) Azərbaycanda münaqişənin təsirinə məruz qalan əhaliyə dəstək məqsədi daşıyan layihənin icrasına başlayır.

APA xəbər verir ki, Avropa İttifaqının (Aİ) Mülki Müdafiə və Humanitar Yardım və BMTİP Azərbaycanda münaqişəyə məruz qalan əhalinin həssas təbəqəsinə erkən bərpa yardımı göstərmək məqsədi daşıyan layihənin icrasına başlandığını elan edib.

Layihənin elan olunması ilə bağlı keçirilən tədbirdə çıxış edən Aİ-nin Azərbaycandakı Nümayəndəliyinin rəhbəri Peter Mixalko bildirib ki, Aİ Azərbaycanın minatəmizləmə səylərini dəstəkləyir.

“Minalar hərbçilərlə mülki şəxslər arasında heç bir fərq qoymayan dəhşətli silahlardır. Avropa İttifaqı Azərbaycanın minatəmizləmə səylərinə dəstək verir. Bu layihə münaqişə sonrası partlamamış hərbi sursatlara görə həyatları risk altında olan insanlara fayda verəcək və ümid edirik ki, onların həyatını xilas etməyə kömək edəcək”, - səfir Peter Mixalko bildirib.

BMT-nin İnkişaf Proqramının Rezident Nümayəndəsinin səlahiyyətlərini icra edən Çaru Bista isə bildirib ki, humanitar minatəmizləmə əməliyyatına sərmayə qoymaq BMT-nin 2030-cu il Gündəliyinə nail olmaq üçün əsasdır.

"BMTİP ANAMA ilə 1999-cu ildən bəri uzunmüddətli tərəfdaşlığa malikdir. Avropa İttifaqının səxavətli maliyyəsi sayəsində biz indi bu dəstəyi genişləndirə və ona ən çox ehtiyacı olanlara həyat və yaşayış vasitələrinin yaxşılaşdırılmasında birbaşa yardım göstərə biləcəyik”, - BMTİP-nin Rezident Nümayəndəsinin səlahiyyətlərini icra edən Çaru Bista bildirib.

Qeyd edək ki, Aİ tərəfindən maliyyələşdirilən Erkən Bərpa Fəaliyyət Layihəsi keçmiş təmas xəttində minatəmizləmə fəaliyyətlərini dəstəkləyəcək və bu ərazilərdə yaşayan aztəminatlı ailələrə müxtəlif yaşayış vasitələri təqdim etməklə onların rifahının yaxşılaşdırılmasına kömək edəcək.

Layihə kənd təsərrüfatından asılı olan 1500 şəxsə və onların ailələrinə birbaşa və təcili olaraq qısamüddətli dəstək verəcək.

Layihə həmçinin Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) rəhbərlik etdiyi humanitar minatəmizləmə işlərində iştirak etmək üçün fövqəladə hallara cavab qruplarının hazırlanmasına, təchiz edilməsinə və yerləşdirilməsinə kömək edəcək. Bu minatəmizləmə komponenti keçmiş təmas xəttinin yaxınlığında yaşayan, mina və partlamamış hərbi sursat riski altında olan 43 000 insana fayda verəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR