Bank Of Baku

Səfir: Ukraynaya yönəldilən hərbi yardım Moldovada sülhün qorunmasına töhfə verir - MÜSAHİBƏ

Səfir: Ukraynaya yönəldilən hərbi yardım Moldovada sülhün qorunmasına töhfə verir - MÜSAHİBƏ
# 23 may 2023 12:31 (UTC +04:00)

Moldova Respublikasının Azərbaycandakı səfiri Aleksandr Esaulenkonun APA-ya müsahibəsi

- Cənab səfir, Moldova rəsmiləri bəyan edirlər ki, Azərbaycanı enerji təchizatçısı, uzunmüddətli tərəfdaş kimi görürlər, lakin gələcəkdə mümkün ola biləcək əməkdaşlıq üçün lazımi infrastruktur tələb olunur. Moldova hökuməti bu məsələ üzərində çalışır?

- Moldova Respublikası çox uzun müddət bir təbii qaz təchizatçısının monopoliyasından asılı vəziyyətdə olub.

Faktiki olaraq, yaxın zamana ölkəmizin ehtiyacları üçün mavi yanacağın alınması sırf bir mənbədən, Rusiyanın “Qazprom” şirkətindən həyata keçirilirdi.

Baş nazir Nataliya Qavrilitsa hökumətinin hakimiyyətə gəlməsi ilə, 2021-ci ilin payızından etibarən mavi yanacağın alınması üçün mənbələri şaxələndirməklə enerji təhlükəsizliyini möhkəmləndirmək niyyəti hökumətin siyasətində prioritet elan edildi.

Hökumət komandası yaxşı bilirdi ki, bu sahədə mövcud olan monopoliya Avropapərəst hökumətin güzəştə getməsi məqsədilə və Moldova Respublikasına təsir göstərmək üçün hibrid üsullar qismində istifadə edilə bilər.

Qısa zaman ərzində Moldova Hökuməti təbii qazın alternativ mənbələrdən alınmasına şərait yaradan uğurlu addımlar atdı.

Xüsusilə vurğulamaq istəyirəm ki, Avropa İttifaqı və təbii ki, qardaş ölkə Rumıniya Moldovanın qaz infrastrukturuna çıxışına, həmçinin Avropa ticarət platformalarında alış-veriş etmək imkanının yaranmasında əhəmiyyətli dərəcədə yardım göstərib.

Dorin Reçanın rəhbərlik etdiyi hazırkı hökumət bu sahədə infrastruktur layihələrinin inkişafına üstünlük verir, hansı ki, ölkəmizin enerji təhlükəsizliyini möhkəmləndirməyə imkan verəcək.

Bu kontekstdə mən əvvəlki hökumətin əldə etdiyi uğurları və hazırkı hökumət komandasının həmin kursu davam etdirməsini vurğulamaq istəyirəm.

Ölkəmiz müstəqillik əldə etdikdən sonra ilk dəfə olaraq enerji təchizatını şaxələndirməyə və Moldovanı enerji təchizatçılarının müəyyən edilməsi baxımından müstəqil etməyə nail olduq.

- İndi isə iqtisadi sahədə əməkdaşlıq haqqında danışaq. Statistik rəqəmlər onu göstərir ki, Azərbaycandan Moldovaya ixracın həcmi Moldovadan Azərbaycana ixracdan xeyli azdır. Misal olaraq göstərə bilərəm ki, təkcə bu ilin yanvar ayında Azərbaycandan Moldovaya ixracın həcmi 198 min dollar, Moldovadan Azərbaycana isə 321 min dollar təşkil edib. Moldova Azərbaycana nə ixrac edir və ölkəmizdən hansı məhsulları idxal edir?

- İlk növbədə onu qeyd etmək istərdim ki, ikitərəfli iqtisadi əməkdaşlığımızı əks etdirən statistik rəqəmlər kifayət qədər irihəcmli deyil və iqtisadi-ticari sahədə ölkələrimizin mövcud potensialını tam əks etdirmir.

Moldova Milli Statistika Bürosunun rəsmi məlumatına əsasən, ötən il ölkələrimiz arasında ikitərəfli ticarət dövriyyəsi 16,118 milyon ABŞ dolları, Moldovanın xarici ticarət kəsiri isə 6,4 milyon ABŞ dolları təşkil edib.

2021-ci illə müqayisədə ötən il Moldova ilə Azərbaycan arasında qarşılıqlı ticarət dövriyyəsinin balansı 10,3 milyon dollar artıb.

Moldovanın Azərbaycandan idxal etdiyi əsas məhsullar sırasında mineral və ya kimyəvi gübrələr, neft bitumu, neft sürtkü yağları, çay, çörək məhsullarını misal göstərmək olar.

Ötən il ərzində Moldovadan Azərbaycana ixrac edilən məhsullar isə müxtəlif dərmanlar, şərab məhsulları, tərəvəz konservləri, quru meyvələr, təzə meyvələr olub.

- Azərbaycanla Moldova arasında beynəlxalq platformalarda əməkdaşlığı necə qiymətləndirirsiniz?

- Tarixən Moldova Respublikası fasiləsiz və sistemli şəkildə Azərbaycan Respublikasının ərazi bütövlüyünü dəstəklədiyi kimi, Azərbaycan da beynəlxalq platformalarda hər zaman Moldovaya dəstək verib.

Hesab edirəm ki, çoxtərəfli, beynəlxalq formatlarda Moldova-Azərbaycan münasibətlərinin səviyyəsi hər iki ölkənin üzləşdiyi reallıqlara və tələblərə uyğundur.

Ölkələrimiz arasında BMT, GUAM, TRASEKA çərçivəsində, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı xətti ilə çox yaxşı və səmərəli əməkdaşlıq mövcuddur.

- Azərbaycan və Moldova GUAM-ın da üzvüdür, lakin belə bir yanaşma var ki, onun potensialından tam istifadə olunmur və bu səbəbdən GUAM-ın fəaliyyətsiz təşkilata çevrildiyi barədə fikir formalaşıb. GUAM-a üzv ölkələrin təhlükəsizlik məsələləri baxımından ortaq çağırışları olduğunu nəzərə alsaq, təşkilatı dirçəltmək və bir növ ittifaqa çevirmək nə dərəcədə mümkündür?

- Zənnimcə, ötən ilin 24 fevralından sonra yaranmış vəziyyət həm Balkan regionunda, həm də Cənubi Qafqaz regionunda geosiyasi mənzərəni tamamilə dəyişdi.

Rusiya Federasiyasının Ukraynaya qarşı başladığı silahlı münaqişə GUAM-a üzv olan bütün ölkələr üçün bir sıra təhlükələr yaradıb.

Hazırda bu təşkilatın fəaliyyəti reallıqlara və üzv ölkələrin qarşılaşdığı çağırışlara uyğun gəlmir.

Hesab edirəm ki, təşkilat məhz regional təhlükəsizliyin gücləndirilməsi zərurəti kontekstində potensiala malikdir və bu baxımdan əminəm ki, biz birgə səylərlə təşkilatı həyat qabiliyyətli edə, eləcə də bu qurumu, ilk növbədə iqtisadi və siyasi baxımdan, praktiki məzmun çərçivəsində əməkdaşlığı gücləndirə biləcəyik.

- Bir az da Ukrayna müharibəsi haqqında danışaq. Sizcə Ukraynanın Rusiya ilə müharibədə qalib gəlməsi üçün kifayət qədər beynəlxalq dəstək var?

- Beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində ərazi bütövlüyünü bərpa etmək üçün Ukraynaya qarşı Rusiyanın başladığı hazırkı münaqişədə yardım göstərmək çox vacibdir.

Ukraynaya beynəlxalq dəstək elə ilk gündən verilib və dəyişməz olaraq qalır.

Ukraynalılar bu müharibədə uğurlar əldə etmək üçün nəyə ehtiyac duyduqlarını aydın başa düşürlər.

Bundan əlavə, dünya ictimaiyyətinin Ukraynaya göstərdiyi yardımlar regionda müharibənin genişlənməsinin və cəbhə xəttinin sərhədlərimizə yaxınlaşmasının qarşısını alır.

Moldova Respublikası bu baxımdan ukraynalı müttəfiqlərimizi yüksək qiymətləndirir.

Ukraynaya yönəldilən hərbi yardım həmçinin Moldovada sülhün qorunmasına töhfə verir.

Ukrayna əsgərlərinin dözümlülüyü və fədakarlığı sayəsində hazırkı mərhələdə silahlı münaqişənin regionda yayılacağını düşünmək üçün heç bir ilkin əsas yoxdur.

- Moldova Ukrayna ilə qonşu olduğu üçün Ukraynadakı müharibənin ölkənizə də təsiri var. Ukrayna müharibəsinin Moldova üçün iqtisadiyyat, siyasət və təhlükəsizlik sahələrində fəsadları barədə soruşmaq istərdim...

- Moldova Respublikası Rusiya Federasiyasının qonşu ölkəyə amansızcasına təcavüzü nəticəsində Ukraynadan sonra ən çox zərər çəkən ölkədir. Təbii ki, bu işğal Moldovaya mənfi təsir göstərir. Hələ ötən il fevralın 24-də Rusiyanın bombardmanlarından qaçan ukraynalı qaçqınların kütləvi axını ilə üzləşmişdik. Əvvəldə biz 30 minə yaxın insanı qəbul etməyə hazır idik, lakin 900 mindən çox adam gəldi. Buna baxmayaraq, biz müharibədən qaçan yüz minlərlə qaçqına evimizin qapısını, ürəyimizi açmışıq, Ukraynanın bir neçə bölgəsinə humanitar yardım göstərmişik. Moldova Respublikasının hakimiyyət orqanları Ukraynada olan əcnəbi vətəndaşların, o cümlədən Azərbaycan vətəndaşlarının repatriasiyası məsələlərinə xüsusi diqqət yetirib və dəstək göstərib. İqtisadi baxımdan isə, Rusiyanın Moldovaya təbii qaz tədarükünün həcmini aşağı salması səbəbindən enerji böhranı ilə üzləşmişik.

Ukraynanın enerji infrastrukturuna Rusiya ordusunun aviazərbələr endirməsi səbəbindən Moldova elektrik enerjisi təchizatında müəyyən fasilələr yaşadı, ölkədə qazın qiyməti 700 faiz, elektrik enerjisi isə 400 faiz bahalaşıb. Bizə əhəmiyyətli dəstək, o cümlədən maddi dəstək göstərən beynəlxalq tərəfdaşlarımız sayəsində evlərimizdə istiliyi və işığı qoruyub saxlamağı bacardıq. Ölkəmizin avtomobil və dəmir yolları Ukraynanın infrastrukturu ilə Avropa İttifaqının infrastrukturu arasında əlaqə yaradılmasında mühüm rol oynayıb və bununla da Həmrəylik Yollarının yaradılmasına töhfə verib. Moldova Respublikası siyasət və təhlükəsizlik nöqteyi-nəzərindən də zərər çəkib. Buna misal olaraq Rusiya ordusuna məxsus raketlərin bizim hava məkanına qanunsuz daxil olmasını göstərmək olar. Bundan əlavə, Rusiya Ukraynada öz məqsədlərinə çata bilmədiyi üçün onun elitası Moldovada ictimai asayişi pozmaq üçün Moldovadan qaçaq düşənlərə dəstək verir. Ölkə rəhbərliyi açıq şəkildə bildirdi ki, biz heç kimə Moldovanı demokratik Avropa cəmiyyətinə gedən yoldan döndərməyə imkan verməyəcəyik.

- Müharibə başlayandan indiyə qədər Rusiya raketlərinin Moldova hava məkanını bir neçə dəfə pozduğuna dair xəbərlər yayılıb. Moldova hökuməti bu istiqamətdə hər hansı tədbir görüb?

- Bəli, bir neçə dəfə - dörd dəfə - Rusiya raketləri Moldovanın hava məkanını pozub. Hər dəfə Rusiya tərəfinə hava məkanımızın qanunsuz şəkildə pozulmasının yolverilməz olduğunu bildirmək və etiraz notası təqdim etmək üçün Rusiyanın Kişinyovdakı səfiri Oleq Vasnetsov Xarici İşlər və Avropaya İnteqrasiya Nazirliyinə çağırılıb. Biz təhlükəsizliyimizi gücləndirmək üçün konkret tədbirlər görmüşük, bu il müdafiə xərclərinin büdcəsi iki dəfə artırılıb. Avropalı tərəfdaşlarımıza hava hücumundan müdafiə sistemi üçün müraciət etmişik. Hazırda Avropa İttifaqı Moldovada Milli Ordunun modernləşdirilməsinə 40 milyon avro ayırıb. ABŞ, Almaniya, Rumıniya, Böyük Britaniya və digər avropalı tərəfdaşlar da qarşılıqlı əsaslarla Moldovaya Silahlı Qüvvələrini gücləndirməyə kömək edirlər. Buna misal olaraq, bu yaxınlarda Almaniyanın təqdim etdiyi “Piranha” zirehli maşınlarından ibarət partiyanı göstərmək olar.

- Hərbi ekspertlər Rusiya və Ukrayna arasında müharibə başlayandan etibarən Moldova üçün təhlükə yarana biləcəyi barədə dəfələrlə xəbərdarlıq ediblər. Hazırda Moldova üçün hərbi təhlükə var? Ukraynada baş verənlər Moldovada separatçı qüvvələri cəmləşdirə bilər?

- Ukrayna əsgərlərinin cəsarəti və fədakarlığı sayəsində Moldova üçün hərbi təhlükə yoxdur. Bununla yanaşı, ölkəmiz hələ də başqa bir təhlükə növü - kiberhücumlar, ödənişli etiraz aksiyaları, saxta xəbərlər və təbliğat kimi hibrid təhlükələrlə üz-üzədir. Moldovanın milli təhlükəsizliyi üçün təhdid olan bu kimi hərəkətlər birbaşa korrupsiyaya uğramış maraqlarla və Kreml tərəfindən dəstəklənən, kriminal keçmişi olan şəxslərlə bağlıdır. Hüquq-mühafizə orqanlarımız təşkil edilmiş etiraz aksiyaları, hökumətimizdə stabilliyi pozmaq cəhdləri və hətta Moldovada konstitusiya quruluşunu dəyişmək planları ilə Moldovadan qaçan oliqarxlarla arasında birbaşa əlaqə olduğunu göstərən materiallar toplayıb. Xoşbəxtlikdən, bütün bu planlar səlahiyyətli qurumların səriştəli fəaliyyəti sayəsində pozuldu. Bu çağırışları nəzərə alaraq, Moldovada mülki missiyanın yaradılması qərarına görə Avropa İttifaqına minnətdarlığımızı bildiririk. Bu missiya Moldovanın təhlükəsizlik sektorunu gücləndirmək, böhranların idarə edilməsi və hibrid təhdidlərə qarşı mübarizəyə yönəlib. Konkret olaraq, bu platforma kibertəhlükəsizlik sahəsində imkanlarımızın təkmilləşdirilməsinə və informasiya sahəsində xarici müdaxilələrə, manipulyasiyalara qarşı mübarizəyə töhfə verəcək.

- Ukrayna Prezidenti Vladimir Zelenski bir müddət əvvəl moldovalı həmkarına Rusiyanın ölkənizdə dövlət çevrilişi hazırlamaq niyyəti barədə məlumat verdiyini açıqlamışdı. Son zamanlar ölkədə bir sıra etiraz aksiyaları keçirilir. Moldova hökuməti ölkədə sabitliyi pozan hərəkətlərin qarşısını almaq üçün hansı addımları atır?

- Daha dəqiq desək, Prezident Zelenski bu haqda 2023-cü ilin fevralında danışıb. Həmin dövrdə biz qaçaq oliqarxlar tərəfindən təşkil olunan ödənişli etiraz aksiyaları və iğtişaşlar törətmək cəhdləri ilə üzləşmişdik, lakin hakimiyyət yaranmış vəziyyətin öhdəsindən gəldi. Moldova Respublikası bir sıra hibrid hücumlara məruz qalır ki, bu hücumların məqsədi ölkəmizi iqtisadi və sosial-siyasi baxımdan “boz zona”da saxlamaq, bizim Avropa İttifaqı ölkələri ilə yaxınlaşmağımızın qarşısını almaqdır. Qeyd etmək istərdim ki, dövlət qurumları bir-biri ilə sıx əməkdaşlıq edir və ölkənin milli təhlükəsizliyinə qarşı təhdidlərin qarşısını almaq üçün daim ayıq-sayıq davranırlar.

- Sonuncu sual Moldovanın Avropa İttifaqına inteqrasiyası ilə bağlıdır. Hər kəsə məlumdur ki, ölkəniz ötən ilin iyununda Aİ-yə namizəd statusu alıb. Bu prosesi sürətləndirmək üçün Moldova tərəfdən hansı addımlar atılacaq?

- Avropa İttifaqına daxil olmaq üçün namizəd ölkə statusu İttifaqla münasibətlərimizdə ən mühüm nailiyyətlərdən biridir. Bildiyiniz kimi, Moldova İttifaqa qoşulmaqla bağlı danışıqlara başlamaq üçün Avropa Komissiyasının doqquz tövsiyəsini yerinə yetirməlidir. Ölkəmiz artıq ötən ilin avqustunda bu tövsiyələrin icrasına başlayıb - Avropa Komissiyasının tövsiyələri təxminən 60 müxtəlif istiqamətdə tədbirlərə bölünüb. Bu il aprel ayının sonunda Moldova Avropa İttifaqının Genişlənmə Strategiyası Hesabatına töhfələrini təqdim etdi ki, burada ötən il ərzində əldə etdiyimiz nailiyyətlər və islahatlar təqdim edildi. İndi biz qəti şəkildə inanırıq ki, bu ilin oktyabr ayında hesabatları təqdim etdikdən sonra Moldova üçün Aİ-yə üzvlük danışıqlarının başlanmasını tövsiyə etməyə Avropa Komissiyasını inandırmaqla bağlı əhəmiyyətli dərəcədə irəliləyişə nail olmuşuq.

Bundan əlavə, hakimiyyət üzvlük prosesini sürətləndirmək planı barədə razılığa gəlib, hansı ki, Avropa İttifaqı ilə müzakirə olunacaq və bu plan 33 fəsildən ibarət olduğu üçün “Plan 33” kimi tanınır. Bu mənada milli hüquq sisteminin Avropa qanunvericiliyinə və Avropa İttifaqının tələblərinə uyğunlaşdırılması məqsədilə ölkəmizin qanunlarına və normativ hüquqi aktlarına düzəlişlərin daxil edilməsinin həyata keçirilməsi ilə məşğul olan 33 işçi qrupu yaradılıb. Bu, aparılan islahatların bütünlükdə hər bir sahəsini əhatə edən olduqca mürəkkəb və vaxt aparan prosesdir.

Foto: Orxan Kərimov © APA GROUP

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR