Yaponiya səfiri: Ukraynada gedən müharibə fonunda Azərbaycanın geosiyasi əhəmiyyəti artmaqdadır - MÜSAHİBƏ

Yaponiya səfiri: Ukraynada gedən müharibə fonunda Azərbaycanın geosiyasi əhəmiyyəti artmaqdadır - MÜSAHİBƏ
# 06 iyun 2023 14:29 (UTC +04:00)

Yaponiyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Vada Cuniçinin APA-ya müsahibəsi

- Cənab səfir, ötən il Yaponiya-Azərbaycan diplomatik münasibətlərinin qurulmasının 30 illiyi qeyd olundu. Bu dövr ərzində ölkələrimiz arasında əlaqələrin inkişaf dinamikası haqda fikirlərinizi bölüşərdiniz.

- Ötən ilin 7 sentyabr tarixində Yaponiya və Azərbaycan arasında diplomatik münasibətlərin qurulmasının 30-cu ildönümünü qeyd etdik. Bu dövr ərzində ölkələrimiz arasında yüksək səviyyəli dostluq münasibətləri daha da dərinləşib.

1998-ci ildə Azərbaycanın mərhum Prezidenti Heydər Əliyev Yaponiyaya rəsmi səfər edib. Həmin səfər çərçivəsində “İki ölkə arasında dostluq və tərəfdaşlıq haqqında birgə bəyanat” imzalanıb, Azərbaycan Respublikası ilə Yaponiya arasında iqtisadi əməkdaşlıq üzrə Dövlət Komissiyasının yaradılmasına dair razılıq əldə edilib və bu, ölkələrimiz arasındakı sonrakı dostluq münasibətlərinin inkişafına təkan verən möhkəm təməlin əsasını qoyub.

Bundan başqa qeyd etməliyəm ki, 2006-cı ildə Prezident İlham Əliyevin Yaponiyaya səfəri ölkələrimiz arasındakı dostluq və tərəfdaşlıq əlaqələrinin daha da inkişaf etməsi üçün böyük fürsət oldu. Son zamanlar Yaponiyadan olan səfərlər haqqında danışsaq, 2018-ci ildə Yaponiyanın xarici işlər naziri Kono Taro Azərbaycana səfər edib və səfər çərçivəsində insan resurslarının yetişdirilməsi, eləcə də infrastruktur quruculuğu ilə bağlı Yaponiyanın Azərbaycana dəstək vermək niyyəti ifadə olunub.

Parlamentlərarası əməkdaşlıq əlaqələri də iki ölkə arasındakı münasibətlərin möhkəmləndirilməsi üçün mühüm rol oynayır. 1998-ci ildə Yaponiya-Azərbaycan parlamentlərarası əlaqələr üzrə işçi qrupu, 2005-ci ildə Azərbaycan-Yaponiya parlamentlərarası əlaqələr üzrə işçi qrupu yaradılıb. Ölkələrimiz arasında dostluq münasibətlərinin inkişafı naminə fəaliyyət qanunverici orqanlar səviyyəsində də həyata keçirilir.

2003-cü ildə Yaponiya parlamentinin Müşavirlər Palatasının sədr müavini Motooka Şoci Azərbaycana, 2015-ci ildə Azərbaycan Respublikasının Milli Məclisinin sədri Oqtay Əsədov Yaponiyaya səfər edib.

Ölkələrimiz arasında siyasi münasibətləri dəstəkləmək səfirliyin vacib vəzifələrindən biridir. 2000-ci ildə Yaponiyanın Azərbaycan Respublikasındakı səfirliyi, 2005-ci ildə Azərbaycan Respublikasının Yaponiyadakı səfirliyi fəaliyyətə başlayıb və ölkələrimiz arasındakı diplomatik əlaqələr nəzərəçarpan şəkildə yüksəlib.

Ölkələrimiz arasındakı dostluq və tərəfdaşlıq münasibətlərinin daha da inkişaf etdirilməsi naminə müxtəlif səviyyələrdə hökumətlərarası və parlamentlərarası dialoqların davam etdirilməsi və möhkəmləndirilməsi niyyətindəyik.

- Ölkələrimiz arasında qarşılıqlı əlaqələrin daha da inkişaf etdirilməsi üçün hansı addımlar atılır? İkitərəfli münasibətlərin gələcək inkişaf dinamikası haqda nə deyə bilərsiniz?

- Azərbaycan beynəlxalq enerji təhlükəsizliyi, regionda sabitlik və inkişaf üçün açar ölkədir, eyni zamanda, Yaponiya üçün dəyərli tərəfdaşdır. Yaponiya ilə Azərbaycan arasında diplomatik münasibətlər qurulandan indiyə qədər siyasi, iqtisadi sahələr

başda olmaqla, insan resursları mübadiləsi vasitəsilə ölkələrimiz arasında münasibətlər daha da dərinləşib. Yaponiya dövlət quruculuğu üçün insan resurslarının yetişdirilməsində, infrastruktur quruculuğu sahəsində və ictimai xidmətin yaxşılaşdırılması məqsədilə Azərbaycana dəstək göstərib.

Hazırda Rusiyanın Ukraynaya hücumundan sonra beynəlxalq aləmdə Azərbaycanın geosiyasi əhəmiyyəti artmaqda davam edir. Bununla əlaqədar olaraq, cari ilin mart ayında Tokio şəhərində region üzrə əlaqələndirmənin təkmilləşdirilməsi məqsədilə “Mərkəzi Asiya və Qafqazla əlaqələndirmə” simpoziumu təşkil edilib, Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Nəqliyyat siyasəti şöbəsinin müdiri Fariz Əliyev “Orta Dəhlizin perspektivləri və inkişaf layihəsi haqqında” möhtəşəm təqdimat ilə çıxış edib.

Region üzrə əlaqələndirmənin gücləndirilməsi naminə Azərbaycanla daha da sıx əməkdaşlıq etməyə ümid edirik.

- Azərbaycan və Yaponiya arasında artıq bir müddətdir ki, yüksək səviyyəli qarşılıqlı səfərlər həyata keçirilmir. Yaxın gələcəkdə belə bir səfər gözlənilir?

- 5 may tarixində Yaponiya xarici işlər nazirinin Parlamentar müavini Yoşikava Yuumi Azərbaycana səfər edib, Azərbaycan hökumətinin yüksək səviyyəli nümayəndələri ilə fikir mübadiləsi həyata keçirib.

Yaponiyanın Yoluxucu Xəstəliklər Barədə Qanununa əsasən, 8 may tarixindən etibarən COVID-19 xəstəliyinin reytinqi çölə çıxmaq məhdudiyyəti və xəstəxanaya yerləşdirilmə məcburiyyəti olan 2-ci səviyyədən, mövsümi qriplə eyni olan 5-ci səviyyəyə salınıb və bundan əvvəl 28 aprel tarixindən bütün məhdudiyyətlər aradan qaldırıldığına görə yüksək səviyyəli şəxslərin səfərlərində canlanma olacağına ümid edirəm.

- Azərbaycanla Yaponiya arasında mədəniyyət, humanitar, təhsil sahəsində əməkdaşlığı necə qiymətləndirirsiniz? Bu sahədə əməkdaşlığın inkişaf etdirilməsi üçün hansı yeni addımlar atılır?

- 2022-ci ildə diplomatik əlaqələrin qurulmasının 30-cu ildönümü ilə əlaqədar ölkələrimiz arasındakı dostluq münasibətlərini əsaslı şəkildə gücləndirmək üçün bir çox tədbirlər həyata keçirilib. Xüsusilə, mədəniyyət, təhsil sahələri başda olmaqla, “Dostluq ili” layihələri çərçivəsində Azərbaycanın müxtəlif regionlarında ümumilikdə 25 tədbir həyata keçirilib.

Daha ətraflı desək, Yaponiyadan əlilliyi olan istedadlı şəxslər, ənənəvi sənət nümayəndələri, pianoçular, müğənnilər, yapon musiqi alətləri ifaçıları, aktyorlar, digər şəxslər tədbirlərin həyata keçirilməsi üçün Azərbaycana səfər ediblər.

Təhsil sahəsindəki əməkdaşlığın vacib sütunlardan biri Azərbaycanda yapon dilinin tədris olunmasıdır: 2 ali təhsil müəssisəsində, 2 məktəbdə və bir çox özəl kursda 340 nəfərdən çox şəxs yapon dilini öyrənməyə davam edir. Bundan başqa, hər il səfirliyimizdə şeçimlər təşkil edilərək, Yaponiya hökumətinin təqaüdü ilə bir çox azərbaycanlı Yaponiyada müxtəlif sahələrdə təhsil alır və ya tədqiqat aparır.

Mədəniyyət və təhsil sahələrində bu cür əməkdaşlığın ölkələrimiz arasında dostluq münasibətlərin daha da yaxşılaşdırılmasına vəsilə olacağına ümid edirəm.

- 2020-2022 illər arasındakı dövrdə Azərbaycandan Yaponiyaya ixrac təxminən 3 dəfə, Yaponiyadan ölkəmizə idxal isə təqribən 2 dəfə artıb. Ticarət dövriyyəsinin həcminin artırılması üçün əlavə hansı tədbirlər görülür?

- Ticarət dövriyyəsinin artırılması məqsədilə iki ölkə arasında mübadilələrin daha da artırılmasının vacib olduğunu düşünürəm. Azərbaycan hökumətinin neft və təbii qaz ehtiyatlarından asılılığı azaltmaq, sənayenin diversifikasiyası naminə tədbirləri davam etdirməsi ilə əlaqədar olaraq, Yaponiya hökuməti və Yaponiya şirkətlərinin Azərbaycan şirkətləri ilə əməkdaşlıq etmək fürsətinin, Yaponiya şirkətlərinin Azərbaycan bazarına daxil olması hallarının artmasına ümid edirəm.

Xüsusilə, “yaşıl enerji” və turizm sahələri diqqət mərkəzindədir. Bundan başqa, Şərq-Qərb, Şimal-Cənub marşrutu üzrə logistik marşrutun kəsişməsi olmaqla, radiusu 1000 km uzunluğunda 130 milyon insanı əhatə edən bazarda dəniz limanlarının regional mərkəzi olan Azərbaycanın rolu artmaqda davam edir və bildiyim qədər, Azərbaycan hökuməti beynəlxalq logistika ilə bağlı işləri yüksək templə davam etdirir.

Ümid edirəm ki, yapon şirkətləri də bu coğrafi xüsusiyyətlərdən yararlanaraq bizneslərini inkişaf etdirəcəklər.

- Azərbaycanda sənayenin inkişafında Yaponiya hansı şəkildə dəstək göstərir? Bu istiqamətdə gələcək planlar nədən ibarətdir? Yaponiya şirkətləri avtomobil, dərman, texnoloji avadanlıqlar istehsalı və digər sahələrdə Azərbaycanla əməkdaşlığın daha da gücləndirilməsi üçün hansı işləri görür? Məsələn, Azərbaycanda son illərdə Çin və İran avtomobillərinin yığılmasına başlanılıb...

- Ötən ilin sentyabrında Yaponiya hökuməti və Azərbaycan Respublikası arasında Birgə Kredit Mexanizmi (JCM) üzrə razılaşma əldə olunub, əməkdaşlıq haqqında Anlaşma Memorandumu imzalanıb.

JCM vasitəsilə təkcə Azərbaycanda qaz emissiyalarının azaldılmasına yönəlmiş tədbirlərin genişlənməsinə deyil, həmçinin Yaponiya şirkətləri tərəfindən yaşıl sahədə layihələrin həyata keçirilməsi, ölkələr arasındakı iqtisadi fəaliyyətin daha da canlanmasına gətirib çıxaracağına ümid edilir.

İndiyə qədər Yaponiya hökuməti Azərbaycan sənayesinin inkişafına güzəştli kreditlər vasitəsilə energetika sahəsinə, qrantlar vasitəsilə meliorasiya və suvarma avadanlığının təkmilləşdirilməsinə töhfələrini verib. Bundan başqa, “Ot Kökləri və İnsan Təhlükəsizliyi Qrant Yardımı Proqramı” çərçivəsində kənd təsərrüfatı, tibb avadanlığının təchizi, tibb məntəqələri və məktəblərin təmiri kimi yardımlarla, 2000-ci ildən bu günə qədər 285 layihə həyata keçirilib.

Bu kimi fəaliyyətlərin təkcə Azərbaycan iqtisadiyyatına deyil, insanların məişət şəraitinin yaxşılaşdırılmasına da töhfə verməsi çox sevindiricidir. Səfirliyimiz Yaponiyanın “Hitachi Hitech” şirkəti ilə əməkdaşlıq edərək, Azərbaycan məktəbliləri üçün təbiət elmləri təlimini həyata keçirir. Ümid edirəm ki, şirkətlərin bu cür fəaliyyəti Azərbaycanda yapon şirkətlərinin tanınmasını təmin edir, Azərbaycan şirkətləri ilə əməkdaşlıq etmək imkanlarını artırır və ən əsası, istedadlı mühəndislərin yetişdirilməsinə şərait yaradır.

- Azərbaycanla Yaponiya arasında qarşılıqlı investisiya, maliyyə yatırımı sahəsindəki əməkdaşlıq hansı səviyyədədir? Yaponiya Azərbaycanda hansı sahələrə yatırım etməyə maraq göstərir?

- Yaşıl inkişaf naminə təşəbbüslər, logistik regional kəsişmə qovşaqlarının yaradılması siyasəti və s. yapon şirkətləri üçün çox cəlbedicidir. Bundan başqa, kənd təsərrüfatı və turizm sahəsində əlaqələrin inkişafına da ümid edilir. Ölkələrimiz arasında ikiqat vergitutmanın aradan qaldırılması haqqında Konvensiya imzalanıb, sərmayə müqaviləsi haqqında razılığın əldə olunması istiqamətində işlər davam etdirilir. Atılan bu cür addımlar ölkələrimiz arasında investisiya qoyuluşu şəraitini yaxşılaşdırır və iki ölkə arasında sərmayələrin artımına səbəb olacağına ümid edirəm.

- Qarabağın azad olunmasından sonra orada genişmiqyaslı tikinti-yenidənqurma işləri aparılır. Yaponiyaya məxsus şirkətlər Qarabağda fəaliyyət göstərir?

Bildiyim qədər, Azərbaycan hökuməti həmin ərazilərin yenidən qurulması və inkişafı naminə yolların və elektrik yarımstansiyaların tikintisi, eləcə də sakinlərin geri qayıtması üçün əlindən gələni edir. Məndə olan məlumata görə, Yaponiyanın TEPSCO şirkəti bərpaolunan enerji, ağıllı şəhər konsepsiyası tətbiq edilən ərazilərdə elektrik enerjisi üzrə baş planı hazırlayır. Yapon şirkətlərinə göstərilən bu cür etimad çox sevindirici haldır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR