Pentaqon: ABŞ Əfqanıstandakı Baqram aviabazasından çıxdıqdan sonra da əməliyyat qabiliyyətini qoruyacaq

Pentaqon: ABŞ Əfqanıstandakı Baqram aviabazasından çıxdıqdan sonra da əməliyyat qabiliyyətini qoruyacaq
# 03 iyul 2021 04:27 (UTC +04:00)

ABŞ Əfqanıstandakı ən böyük aviabazası Baqramdan çıxdığını təsdiqləyib.

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə Pentaqonun rəsmi nümayəndəsi Con Kirbi bildirib.

“Dəyişdirilən komandanlıq strukturu və Baqram aviabazasının bu gün əfqan təhlükəsizlik qüvvələrinə təhvil verilməsi ABŞ-ın Əfqanıstanda mövcudluğunun azaldıldığını əks etdirən əsas mərhələlərdir”, - Kirbi belə deyib.

C.Kirbi Əfqanıstandakı Amerika qoşunlarının komandanlığının dəyişdirildiyini də açıqlayıb.

“Müdafiə naziri Lloyd Ostin bu gün Əfqanıstandakı missiyamızın komandanlığının general Skott Millerdən general Frenk Makkenziyə ötürülməsi planını təsdiqləyib”, - deyə Kirbi brifinqdəki çıxışında bildirib.

O, həmçinin iki yeni inzibati bölmənin yaradıldığını da əlavə edib – onlardan biri kontr-admiral Piter Ueyslinin rəhbərliyi altında Kabildə, digəri isə briqada generalı Körtis Bazzardın komandanlığı altında Qətərdə terrorçuluğa qarşı mübarizə aparmaqla yanaşı, Əfqanıstan təhlükəsizlik qüvvələrinə dəstək göstərəcəklər.

Bundan başqa, ABŞ-ın Kabildəki diplomatik nümayəndəliyinin və Əfqanıstan paytaxtının hava limanının mühafizəsi Əfqanıstandakı ABŞ hərbçilərinə tapşırılıb.

Baqram hərbi bazası Kabilin şimalında yerləşir. Baza 1979-1989-cu illərdə Əfqanıstan müharibəsi dövründə Sovet qoşunları tərəfindən istifadə edilib və ABŞ-ın 2001-ci ildə Əfqanıstanı işğal etməsindən sonra Amerika qüvvələrinin əsas bazasına çevrilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR