Xalq artisti Vaqif Şərifov Gəncədə dəfn olunub - FOTO - YENİLƏNİB

Xalq artisti Vaqif Şərifov Gəncədə dəfn olunub - FOTO  - YENİLƏNİB
# 05 oktyabr 2021 13:42 (UTC +04:00)

Xalq artisti Vaqif Şərifov Gəncədə dəfn olunub.

APA-nın yerli bürosunun məlumatına görə, mərhum Gəncədəki Fəxri xiyabanda torpağa tapşırılıb.

***

12.31

Gəncədə xalq artisti Vaqif Şərifovla vida mərasimi keçirilir.

APA-nın yerli bürosunun məlumatına görə, vida mərasimi Gəncə Dövlət Dram Teatrında təşkil olunub.

Mərasimdə şəhər İcra Hakimiyyətinin nümayəndələri, mədəniyyət işçiləri, şəhər ictimaiyyətinin nümayəndələri və xalq artistinin sənət yoldaşları iştirak edir.

Xalq artisti Gəncədəki Fəxri xiyabanda dəfn olunacaq.

Qeyd edək ki, Gəncə Dövlət Dram Teatrının aktyoru, rejissor, Respublikanın Əməkdar incəsənət xadimi, Azərbaycan Respublikasının Xalq artisti, Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü Vaqif Abdulla oğlu Şərifov bu gün 78 yaşında vəfat edib.

Vaqif Şərifov 12 avqust 1943-cü ildə Qazax mahalında anadan olub. O, 1960-cı ildən Gəncə Dövlət Dram Teatrında əmək fəaliyyətinə başlayıb. 1967-ci ildə Azərbaycan Dövlət İncəsənət İnstitutunun “Rejissorluq” fakültəsini bitirib. 1967-1974-cü illərdə Gəncə Dövlət Dram Teatrında rejissor, 1974-1977-ci illərdə Sumqayıt Dövlət Dram Teatrında baş rejissor, 1977-1981-ci illərdə Ağdam Dövlət Dram Teatrında baş rejissor, 1981-1984-cü illərdə Gəncə Dövlət Dram Teatrında quruluşçu rejissor, 1984-1998-ci illərdə isə Gəncə Dövlət Dram Teatrda direktor və bədii rəhbər vəzifələrində çalışıb. Müxtəlif illərdə Nazim Hikmətin “Demoklsın qılıncı”, Hüseyn Cavidin “Maral”, Cəfər Cabbarlının “Almaz”, “Yaşar”, A.Baranqanın “İctimai rəy”, Y.Saloviçin “Qəribə dilənçi”, Altay Məmmədovun “Dəli Domrul”, Anarın “Şəhərin yay günləri", Mirzə Fətəli Axundzadənin “Qanun dəllalı”, H.Mirəlimovun “Vicdanın hökmü”, Elçinin “Qatil”, Süleyman Sani Axundovun “Eşq və intiqam”, İsmayıl Şıxlının “Dəli Kür”, Orxan Kamalın “Yad qızı”, Nüşabə Məmmədlinin “Unutmaq istəyirəm”, Fəridə Əlyarbəylinin “Xan qızı” və s. pyeslərinə quruluşlar verib.

Vaqif Şərifov Azərbaycan teatrlarında 180-dən artıq pyeslərə səhnə həyatı verib. “Qanun dəllalı” tamaşasının quruluşuna görə “Qızıl Dərviş” mükafatına layiq görülüb.

4 mart 1992-ci ildə Respublikanın Əməkdar İncəsənət xadimi, 13 fevral 2014-cü ildə Azərbaycan Respublikasının Xalq artisti fəxri adlarına layiq görülüb. 25 iyun 2013-cü ildə “Tərəqqi” medalı ilə təltid edilib, 7 may 2020-ci ildə isə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünə layiq görülüb.

Bir neçə gün öncə Xalq artistinin səhhətində ciddi problem yarandığı üçün Gəncə şəhər 3 saylı xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilmişdi.

Allah rəhmət eləsin!

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR