Bakıda avtobus sərnişinləri marşrutlarla bağlı real vaxt rejimində məlumatlar əldə edə biləcəklər

Bakıda avtobus sərnişinləri marşrutlarla bağlı real vaxt rejimində məlumatlar əldə edə biləcəklər
# 27 oktyabr 2021 16:40 (UTC +04:00)

Paytaxtda fəaliyyət göstərən marşrut avtobuslarının sərnişinləri istifadə etdikləri marşrutlarla bağlı real vaxt rejimində məlumatlar əldə edə biləcəklər.

Bunu "APA-Economics"ə Bakı Nəqliyyat Agentliyinin (BNA) mətbuat xidmətinin rəhbəri Mais Ağayev deyib.

Onun sözlərinə görə, kart sisteminə keçən avtobusların hərəkəti avtomatik olaraq vahid dispetçer mərkəzindən idarə olunur və bütün məlumatlar məhz bu mərkəzdə toplanılır.

"Bu, öz növbəsində, bizə xəttə nə qədər avtobusun çıxması, onların hansı ərazilərdə olması, hansı sürətlə və hansı intervalla hərəkət etməsi barədə məlumatları real vaxt rejimində əldə etməyə imkan verir. Təbii ki, biz bu məlumatları sərnişinlərimizlə bölüşmək istəyirik. Sərnişinlər istifadə etdikləri marşrutlarla bağlı real vaxt rejimində məlumatlar əldə edə biləcək ki, bu da onların işlərini asanlaşdıracaq", - deyə M. Ağayev qeyd edib.

O həmçinin əlavə edib ki, Nəqliyyatın İntellektual İdarəetmə Mərkəzi yeni yarananda, avtobus dayanacaqlarında informasiya terminalları quraşdırılmışdı: "Onlar bir sıra aspektdən özünü doğrultmadığı üçün bir müddət sonra fəaliyyət göstərmədi, çünki informasiya texnologiyaları sürətlə yenilənir və o monitorlar rəqabətə tab gətirmədi. Bizim istəyimiz insanları təkcə avtobus dayanacaqlarında quraşdırılan monitorlarla yox, ümumiyyətlə, mobil telefonlar və mümkün olan bütün cihazlar vasitəsilə məlumatlandırmaqdır".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR