Havalandı Xanın səsi, Qarabağın şikəstəsi...- “Xarıbülbül” festivalından qeydlər

Havalandı Xanın səsi, Qarabağın şikəstəsi...- <span class="red_color">“Xarıbülbül” festivalından qeydlər</span>

© APA | Şuşa qalası

# 15 may 2021 13:19 (UTC +04:00)

Şuşadayam. Cıdır düzünün ortasında quraşdırılmış böyük səhnənin qarşısında dayanmışam. Bu dəfə gördüyüm illərlə təsəlli əvəzinə quraşdırılan dekorasiya deyil. Hələ ki boş olan səhnənin arxasında Cıdır düzünün sehirli mənzərəsi var. Heç bir özündən deyən rəssamın çəkə bilməyəcəyi mənzərə...

Kimsə torpaqla danışır. “Hanı sənin “Xarıbülbül”ün? O da küsüb?!”. Dönüb baxıram, nurani bir ziyalıdı. Əyilib torpağı ovuşdurur, otları sığallayır. O biri tərəfdən də dua eşidirəm: “Şükür sənə, ay Allah! Bizə bu da qismət oldu”. Qarabağın böyük nəsillərindən birinin nümayəndəsi olan Bəyimxanım Cavanşirovadı....

... Dəqiq Şuşadayam. Biz Şuşadayıq. Bura Cıdır düzüdü...

***

...Çətin yol idi. Şəxsən öz adıma psixoloji hazır olmadığım yolla - Qırmızı Bazardan getdik. Hazırda erməni əhalisinin yaşadığı Azərbaycan torpaqlarından sülhməramlıların müşayiəti ilə keçdik.  Sakit idilər, maşın karvanına matdım-matdım baxanlar da var idi, görəndə üzünü çevirənlər də. Sanki 30-40 il əvvələ səyahət eləmişdim. Burdakılar axırıncı tikintini, axırıncı inkişafı sovet dağılmazdan, separatçılığa meyl etməmişdən əvvəl görüblər. Cəmi bircə saat əvvəl Füzulinin infrastrukturu yerində, yolu abad, damları təzə, bağ-bağçası qurulu kəndlərini arxada qoyub 90-ın əvvəlinə düşmüşdük. Adam kimi yaşamağı bilsəydilər, hər qurulan oyunda maşa olmağı seçməsəydilər, indi o inkişafdan nəsiblərini alıb yaşayardılar. Üz-gözlərindən yorğunluq, yol-irizindən yoxsulluq yağan bu taleyi özləri seçiblər, ya da onlara bu taleyi seçənlərə boyun əyiblər.

Elə bu kəndlərin dolanbanc yollarının arasından zirvədə Şuşa görünür. Başı dumanlı Şəhərlər Şəhəri. Bizim Vətən davamızın başlanma və bitmə zirvəsi. Bizim Qalamız. Təkcə ləyaqətimizin, vüqarımızın yox, həm də mədəniyyətimizin, ictimai-siyasi fikrimizin, ədəbiyyatımızın, mənəviyyatımızın qalası.

Düşünürəm, görəsən Şuşa da belədi?! Özünü bu torpaqlara yad sayanların yaşadıqları kəndlərimiz kimi küskün, yorğun, baxımsızdı? İçim gizildəyir, mən elə Şuşa görməyə hazır deyiləm.

Çatırıq. Qala qapıları. Abad, yeni yazılmış Şuşa sözü, süpürülüb, təmizlənmiş səliqəli bir yol başlayır Şuşanın içində. Çox sevinirəm, o qorxum yox olur.

Bilirsiz, Şuşa indi necədi? Köhnə, dağıdılmış yurd yeri olur e. Sahibsiz qalır, illər sonra sahibi qayıdır, həyat-bacaya əl gəzdirir, ev-eşiyi təmizləyir. Biz tərəflərdə deyirlər, insan nəfəsi dəydi, elə bil ev-eşik cana gəldi, həyat-baca dirildi. Baxırsan, sahibi gələndən sonra o köhnə ev, divarı-daşı uçuq həyət elə bil yaşamağa başlayıb, nəfəs alır. Bax, Şuşa indi elədi. Dağıdılıb, sığala, sevgiyə illərlə həsrət qalıb, daşına, küçəsinə, torpağına, damına baxan olmayıb, kəhrizləri quruyub, çəmənlikləri biçənək olub. Amma illər sonra onu qanı ilə geri alan sahibləri əl çəkib, sığallayıb. Məscidi düzəldilib, Cıdır düzü havasına qaytarılıb, köhnə damları, uçuq küçələri dəyərlənib toparlanıb, işığı yandırılıb, ən əsası insan nəfəsi dəyib, sevgi görüb, dirçəlib, yaşamağa başlayır. Bu köhnə halından belə əsalət yağır, dünyanın ən müasir, ən gözəl, ən baxımlı şəhərlərinə meydan oxuyar. Dünyanın ən gözəl, ən işıqlı, ən yaraşıqlı şəhərləri ilə yarışar, qalib olar!

***

Və Festival başlayır.

Heydər Əliyev Fondunun təşkilatçılığı ilə təkcə biz yox, dünya mədəniyyət, tolerantlıq və vəhdət mesajları alır.

“Xarıbülbül” festivalı göstərdi ki;

  • Azərbaycanlılar olduqları hər yerə birlik, vəhdət, sevgi, mədəniyyət, sənət daşıyırlar.
  • Azərbaycanlı olmaq şəxsi kimlik məsələsi deyil, öz şəxsi kimliyini qorumaqla, bir bayrağın, bir Konstitusiyanın altında birləşə bilməkdir.
  • Azərbaycanlı olmaq bu torpağın uğrunda bərabər şəhid məqamına yüksəlmək, çiyin-çiyinə Qazi olmaq, həm də bu qələbəni deyə-gülə, bərabər qeyd edə bilməkdi.
  • Azərbaycanlı olmaq Azərbaycan bayrağını bağrına basmaqdı.
  • Azərbaycanlı olmaq bildiyin hər dildə Azərbaycanı sevmək, vəsf eləmək, Azərbaycanın şəninə nəğmə oxumaqdı.
  • Azərbaycanlı olmaq böyük Üzeyir Hacıbəyli, Xan qızı Natavan, Seyid Şuşinski, Xan Şuşinski ilə birlikdə Şuşada oxumaqdı.
  • Azərbaycanlı olmaq Polad Bülbüloğluna qoşulub Cıdır düzündə oynamaqdı, Fərhad Bədəlbəylinin “Dəniz”i ilə Qala qapılarından keçməkdi, Yalçın Adıgözəlovun dirijorluğu ilə atası Vasif Adıgözəlovun “Qarabağ şikəstəsi” oratoriyasında Alim Qasımova qoşulub Cıdır düzündən Topxanaya qədər dağlarla sədalaşmaqdı.

  • Azərbaycanlı olmaq Əhməd bəy Ağaoğlunun, Yusif Vəzir Çəmənzəminlinin, Ceyhun Hacıbəylinin, Bülbülün, Nəvvabın, Zakirin torpağına milli, dini, dünyəvi dəyərləri bir arada təkrar daşıya bilməkdi.  

  • Azərbaycanlı olmaq hər dildə, hər ünvanda “Qarabağ Azərbaycandır” deyib, qürurla, vüqarla, şəstlə Dəmir Yumruq ola bilməkdi.

***

Mayın 12-də İlham Əliyev bizim tariximizə növbəti səhifə yazdı. Çünki “Xarıbülbül” bir festivaldan çox böyük hadisədi.

Mayın 12-də Şuşadakı atəşfəşanlıq bütün Qarabağın səmasını işıqlandırdı.

Mayın 12-də biz Qarabağa birliklə, vəhdətlə, mədəniyyətlə, sənətlə qayıtdıq.

Qayıdışımız mübarək!

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR