"AmCham" "Ağ Sənəd"in təqdimatını keçirib

"AmCham" "Ağ Sənəd"in təqdimatını keçirib
# 11 iyun 2021 11:27 (UTC +04:00)

Azərbaycanda Amerika Ticarət Palatası ("AmCham Azerbaijan") Azərbaycanın biznes mühitinin yaxşılaşdırılmasına dair müşahidələr və tövsiyələrə dair "Ağ Sənəd"inin növbəti nəşrini təqdim edib.

"APA-Economics" xəbər verir ki, sənəddə "AmCham" üzvlərinin Azərbaycanın biznes iqliminin və son nəticədə ölkənin inkişafına töhfə verəcək dəyişikliklər barədə kollektiv tövsiyələri əks olunub. Sənəd iki hissədən ibarətdir – ümumilikdə "Ağ Sənəd"də əks olunan məsələləri əhatə edən "Giriş" hissəsi və daha spesifik məsələlərə dair təklifləri özündə cəmləşdirən "Tövsiyələr" hissəsi. Əvvəlki illərdə tərtib edilmiş "Ağ Sənəd"lərdə əks olunan tövsiyələr dövlət proqramlarına əlavə edilmiş və bəzi tövsiyələr qanunvericilikdə müvafiq dəyişikliklərlə nəticələnmişdir ki, bu da ölkənin biznes mühitinə öz müsbət təsir göstərmişdir.

"Ağ Sənəd" Azərbaycan iqtisadiyyatının müxtəlif sahələrini dəstəkləmək məqsədi ilə iki ildən bir hazırlanır və Azərbaycan hökumətinə təqdim olunur.

"AmCham Azerbaijan"ın prezidenti Nuran Kərimovun sözlərinə görə, "Ağ Sənəd 2021" vergi, gömrük, bank, maliyyə, sığorta, informasiya və kommunikasiya texnologiyaları, satınalma, əmək, turizm və s. kimi müxtəlif sahələrdə həll ediləcək məsələləri əhatə edir.

"Pandemiyanın ölkə iqtisadiyyatına neqativ təsirlərinin aradan qaldırılması istiqamətində hökumət tərəfindən atılan addımlar təqdirəlayiq olmuş və təsadüfi deyil ki, həyata keçirilən tədbirlər əhəmiyyətli mənada öz müsbət nəticələrini də göstərib. Biz inanırıq ki, "AmCham" üzvləri tərəfindən bu sənəd çərçivəsində hazırlanmış təkliflərin həyata keçirilməsi ölkəmizdə aparılan iqtisadi islahatlara növbəti töhfə olacaq", - deyə N. Kərimov qeyd edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR