BMT Baş Məclisinin 62-ci sessiyası Azərbaycanın irəli sürdüyü qətnaməni qəbul edib

BMT Baş Məclisinin 62-ci sessiyası Azərbaycanın irəli sürdüyü qətnaməni qəbul edib
# 12 sentyabr 2008 10:11 (UTC +04:00)
Bakı – APA. Sentyabrın 11-də BMT Baş Məclisinin 62-ci sessiyası çərçivəsində Azərbaycan tərəfindən irəli sürülmüş “Sənaye sahələrində şəffaflığın artırılması” adlı qətnamə yekdilliklə qəbul edilib. APA-nın “AzərTAc” dövlət agentliyinə istinadən verdiyi məlumata görə, qətnamənin əsas məqsədi Mineral Ehtiyatların Hasilatı ilə Məşğul olan Sənaye Sahələrində Şəffaflıq Təşəbbüsünün (MHŞT) BMT Baş Məclisi tərəfindən tanınmasından ibarət idi. Qətnaməyə 27 dövlət həmmüəllif kimi qoşulub. Sənədi bütün həmmüəlliflər adından təqdim edən Azərbaycanın BMT yanında daimi nümayəndəsi, səfir Aqşin Mehdiyev layihənin məqsədi haqda məlumat verərək sənaye sahələrində, xüsusilə hasilatla məşğul olan sahələrdə şəffaflığın təmin edilməsində hökumətin, özəl sektorun və vətəndaş cəmiyyətinin mühüm rolunu vurğulayıb. O, ölkə nümayəndəlikləri daxil olmaqla, BMT sistemini şəffaflığın artırılması istiqamətində hökumətlər tərəfindən göstərilən səyləri dəstəkləməyə çağırıb. Sonra çıxış edən ABŞ nümayəndəsi MHŞT-yə qoşularaq onu həyata keçirdiyinə və qətnaməni irəli sürdüyünə görə Azərbaycan hökumətinə təşəkkürünü bildirib.

Xatırladaq ki, qətnamənin ilkin layihəsi bu ilin fevral ayında Baş Məclisə təqdim edilib və həmin vaxtdan Azərbaycan nümayəndə heyəti tərəfindən ikitərəfli və çoxtərəfli formatda aparılan danışıqların nəticəsində yekun mətn üzrə razılığa gəlinib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR