SOCAR-ın Baş ofisinin işçiləri əməkhaqqılarının 10%-ni "YAŞAT" Fonduna köçürüb

SOCAR-ın Baş ofisinin işçiləri əməkhaqqılarının 10%-ni "YAŞAT" Fonduna köçürüb
# 30 dekabr 2020 11:26 (UTC +04:00)

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 8 dekabr fərmanına əsasən ölkəmizin ərazi bütövlüyü uğrunda döyüşlərdə yaralananların və şəhid ailələrinin təminatına dəstək fondu – “YAŞAT” Fondu yaradılıb. Respublikamızın ictimai həyatında daim yaxından iştirak edən SOCAR-ın Baş ofisinin əməkdaşları Fondun fəaliyyətinə öz töhfələrini vermək qərarına gəliblər.

Onların təklifləri və Baş ofisin Həmkarlar İttifaqı Komitəsinin təşəbbüsünü nəzərə alan şirkət rəhbərliyi “YAŞAT” Fonduna Baş ofis əməkdaşlarının (şəhid ailələrinin üzvləri, qazilər, hazırda döyüş bölgəsində olanlar istisna edilməklə) 2020-ci ilin dekabr ayı üzrə vəzifə maaşlarının 10%-i həcmində maliyyə yardımı göstərilməsini məqsədəuyğun hesab edib.

Qeyd edək ki, 2020-ci ildə COVID-19-la mübarizə çərçivəsində Koronovirusla mübarizəyə dəstək fonduna SOCAR işçiləri tərəfindən 1 milyon manatdan artıq vəsait köçürülmüşdür. Həmçinin SOCAR-ın müxtəlif strukturlarının əməkdaşları koronavirus pandemiyasının yayılmasının qarşısının alınması məqsədilə ölkəmizdə tətbiq edilən xüsusi karantin rejimi qaydalarına ciddi əməl olunmaqla “Evdə qal!” kampaniyası çərçivəsində paytaxtın müxtəlif rayonlarında, eləcə də ölkənin müxtəlif bölgələrində yardım kampaniyalarında iştirak edərək ahıllara, aztəminatlı ailələrə ərzaq yardımları göstərmişlər.

Vətən müharibəsi zamanı SOCAR işçilərinin könüllü fərdi ianələri nəticəsində toplanan 5 milyon manata yaxın məbləğ isə Azərbaycanın Silahlı Qüvvələrinə Yardım Fonduna köçürülmüşdür.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR