"Fitch": Karbohidrogen istehsalı ən azı 2025-ci ilədək neft şirkətlərinin əsas gəlir mənbəyi olacaq

"Fitch": Karbohidrogen istehsalı ən azı 2025-ci ilədək neft şirkətlərinin əsas gəlir mənbəyi olacaq
# 08 noyabr 2021 18:02 (UTC +04:00)

Avropanın neft-qaz şirkətləri karbon emissiyasının azaldılması üzrə hədəflərinə çatmaq prosesində liderliyini qoruyub-saxlayır, lakin ABŞ şirkətləri artıq onlara çatmaq üzrədir.

"APA-Economics"in məlumatına görə, bu barədə "Fitch Ratings" beynəlxalq reytinq agentliyinin hesabatında deyilir.

"Royal Dutch Shell plc", "Eni SpA", "TotalEnergies SE" "Repsol, S.A." şirkətləri "Scope 3" bazasında 2050-ci il üçün sıfır karbon emissiyası hədəfi qoymuş şirkətlər arasındadır. Avropa və ABŞ şirkətlərinin hədəfləri bu prosesdə fərqlənir. Belə ki, Avropa neft-qaz şirkətlərinin sıfır karbon emissiyasına istehsalın bütün mərhələlərində nail olmağı hədəflədiyi halda, ABŞ şirkətləri hələlik yalnız "upstream" əməliyyatlarında bu hədəfə çatmağı planlayır.

"Fitch" qeyd edir ki, enerji keçidinin əsas prinsipləri 2020-ci ildə elan edilmiş hədəflərlə müqayisədə əksər Avropa şirkətləri üçün dəyişməz olaraq qalır.

""TotalEnergies", "Eni", BP və "Repsol" bərpa olunan enerji istehsalının onların ümumi istehsalının mühüm hissəsi olacağını gözləyir. "Shell" bərpa olunan enerji istehsalı üzrə daha az iddialı böyümə hədəfləri ilə marketinq, təbii qaz və neft-kimya məhsullarına üstünlük verir. Bütün Avropa şirkətləri təbii qaz və maye qaz istehsalını "körpü" enerji mənbəyi kimi genişləndirməyi, mövcud neft emalı zavodlarını bioyanacaq müəssisələrinə çevirməyi və yaşıl hidrogen istehsalını artırmağı planlaşdırır", agentlik yazır.

Agentliyin proqnozlarına görə, şirkətlərin fəaliyyətində dəyişikliklər tədricən baş verəcək. Bunu şərtləndirən amillər kimi, "Fitch" dekarbonizasiya prosesinin müddəti ilə bağlı qeyri-müəyyənlikləri və ənənəvi karbohidrogen istehsalının ən azı 2025-ci ilədək şirkətlərin gəlirinin əsasını təşkil edəcəyinə dair gözləntilərini göstərir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR