Oğlan abituriyentlər texniki və iqtisad, qız abituriyentlər humanitar ixtisaslara üstünlük veriblər  

Oğlan abituriyentlər texniki və iqtisad, qız abituriyentlər humanitar ixtisaslara üstünlük veriblər  
# 23 iyun 2021 15:55 (UTC +04:00)

Əvvəlki illərdə olduğu kimi, 2020-ci ildə də hər iki bölmənin ortastatistik oğlan abituriyentinin istəyi ən çox “Riyaziyyat, fizika və mühəndislik” (I qrup) və “İqtisadiyyat və idarəetmə” (II qrup) ixtisaslarınadır.

APA xəbər verir ki, bu barədə “Abituriyent” jurnalının 12-ci buraxılışında məlumat verilib. Qeyd olunub ki, Azərbaycan bölməsində oğlanların 67.13%, rus bölməsində isə 73.61%-nin istəyi bu iki ixtisas qrupuna yönəlib. Bu rəqəmlər oğlan abituriyentlərin texniki, iqtisad və idarəetmə ixtisaslarına marağının nə dərəcədə yüksək olduğunu göstərir.

Bununla belə, qeyd etmək lazımdır ki, oğlanların I ixtisas qrupuna istəyi II qrupa nəzərən əhəmiyyətli dərəcədə yüksəkdir. Bildirilib ki, 2020-ci ildə 2018-ci və 2019-ci illərlə müqayisədə hər iki bölmədə oğlan abituriyentlərin II ixtisas qrupuna maraqları bir qədər də zəifləyib. 2018-ci ildə Azərbaycan və rus bölmələrində oğlan abituriyentlərin müvafiq olaraq, 26.76% və 28.85%, 2019-cu ildə 26.26% və 28.24%, 2020-ci ildə isə 21.40% və 22.67%-i bu ixtisas qrupunu seçib.

Göründüyü kimi, 2018-ci və 2019-cu illərdə bu istək demək olar ki, dəyişməyib. Lakin 2020-ci ildə II ixtisas qrupunu seçən oğlan abituriyentlərin nisbi sayı azalıb.

Ortastatistik qız abituriyentin humanitar ixtisaslardan ibarət III ixtisas qrupuna istəyi daha yüksəkdir. Qız abituriyentlər “İqtisadiyyat və idarəetmə” ixtisaslarına (II qrup) az maraq göstəriblər. Əvvəlki illərdə rus bölməsinin qız abituriyentləri II ixtisas qrupuna daha çox maraq göstərirdilər və son illərdə onların da oğlanlarda olduğu kimi bu ixtisas qrupuna meyli azalıb. 2018-ci ildə rus bölməsindəki qız abituriyentlərin 23.08%-i, 2019-cu ildə 19.37%-i, 2020-ci ildə isə 17.82%-i II ixtisas qrupunu seçib.

IV ixtisas qrupunda qızların ixtisas maraqları (istəkləri) oğlanların maraqlarından 2.77-3.03 dəfə yüksəkdir. Onu da qeyd edək ki, IV qrup üzrə ixtisas seçimi mərhələsində iştirak edən qız abituriyentlərin sayı oğlanlardan 2.80 dəfə yüksək olub. Ötən ildəkindən fərqli olaraq cari ildə də V ixtisas qrupuna həm oğlan, həm də qız abituriyentlərin maraqları kəskin şəkildə yüksəlib. Bu, daha çox koronavirus (COVID-19) pandemiyası ilə əlaqədar olaraq bir sıra xüsusi qabiliyyət tələb edən ixtisaslar üzrə qabiliyyət imtahanlarının ləğv edilməsi ilə bağlıdır. Bununla yanaşı, V ixtisas qrupuna istəyin bu dərəcədə yüksək olması daha çox ötən ilin məzunlarına görədir.

Qeyd olunub ki, ötən ilin məzunlarının V ixtisas qrupu üzrə ixtisasların müsabiqəsində buraxılış imtahanının nəticələri əsasında iştirak etmək imkanı olmuşdur və onlar əlavə imtahan verməyiblər. Həmçinin cari ilin məzunları ali təhsil müəssisələrinə qəbul kampaniyasında ilk dəfə iştirak etdikləri üçün onların iştirakı dövlət büdcəsi tərəfindən maliyyələşdirilib. Qeyd olunan səbəblərə görə ötən ilin məzunları ərizələrində həm də V ixtisas qrupunu seçiblər, baxmayaraq ki, faktiki olaraq onların bir çoxunun bu qrupa aid olan ixtisaslara maraqları çox az olub və yaxud heç olmayıb.

Qeyd edək ki, ixtisas seçimi mərhələsində abituriyentlərin cəmi 34.79%-i (oğlanların 43.01%-i, qızların 26.48%-i) V qrupa daxil olan ixtisasları öz ərizələrində qeyd edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR