Aygün Kazımovanın yeni mahnısına çəkilmiş klipin təqdimatı olub

Aygün Kazımovanın yeni mahnısına çəkilmiş klipin təqdimatı olub
# 12 may 2007 13:13 (UTC +04:00)
APA-nın məlumatına görə, tədbirdə çıxış edən sənətçi mahnının müəlliflərinin adlarının gizli saxlanıldığını deyib. Süjet xəttindən danışan müğənni, klipin bir-birini çox istəyən ailə üzvlərinin həyatından bəhs etdiyini söyləyib. Ötən il öz fəaliyyətindən narazı qalan A. Kazımova bu il daha çox işləyəcəyini bildirib: “Ötən il çox passiv olmuşam, bu il isə həddindən çox işləməliyəm. İyun ayında Tofiq Bəhramov adına Respublika Stadionunda konsert verəcəyəm. Bu konsertdə heç kimin gözləmədiyi məqamlar baş verəcək. Məni konsertdə Gürcüstandan gələn rəqqaslar müşayiət edəcək, səhnəyə isə İtaliyadan gətirdiyim geyimlərlə çıxacağam. Bu konsertə ciddi hazırlaşıram. Bəziləri səhnədə toyda oxuduqları mahnıları ifa edirlər. Bu isə düzgün deyil. Hər müğənni səhnə üçün ayrıca repertuar müəyyənləşdirməli, tamaşaçısına hörmət etməlidir”. Son vaxtlar adının qalmaqallarda hallandırıldığını bildirən sənətçi bunun tərəfdarı olmadığını deyib. O, mayın 21-də “Kreml” Sarayında Ədalət Şükürov, Xatirə və digər sənətçilərlə eyni səhnəyə çıxmaqdan imtina etməsinin səbəblərini də açıqlayıb: “Mayın 21-də “Kreml”dəki konsertdə iştirakdan həqiqətən imtina etmişəm. Ancaq bu, təşkilatçı ilə mənim aramda baş verənlərlə bağlıdır. Təşkilatçı artıq afişalar hazırlayıb, biletlər satılmağa başlayandan sonra Bakıya gəlib mənimlə qonorar söhbəti edib. Mən qonorarımın məbləğini açıqlayanda isə o bundan vaz keçib. Əslində, mənim adımın burada hallanmasını başa düşə bilmirəm. Təşkilatçının bundan nə qazancı olub, deyə bilmərəm, ancaq mən bu məsələni belə qoymayacağam”. Həmkarı Ədalət Şükürovun şou proqramlardan birində dediklərinə də aydınlıq gətirən A. Kazımova onun üçün konsertdə 1 saatdan artıq vaxt ayrıldığını söyləyib: “Onların məsələ ilə bağlı dediklərindən xəbərsizəm. Bircə onu bilirəm ki, bu konsertdə mənə üç mahnı üçün deyil, bir saatdan artıq vaxt ayrılmışdı. Onlar “Kreml” Sarayını kimə tanıdırlar? Mən artıq orada iki dəfə konsert vermişəm”.
Qeyd edək ki, Ə. Şükürov şou-proqramlardan birinə verdiyi açıqlamada “Kreml” Sarayında keçiriləcək konsertdə çıxış üçün ona 20 dəqiqə, Xatirə üçün 15 dəqiqə, Aygün Kazımovaya isə yalnız 3 mahnı üçün vaxt ayrıldığını deyib. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR