Beynəlxalq Ədalət Məhkəməsi yekun qərar çıxarmaq üçün qarşıdakı illərdə şikayətlərə baxacaq

Elnur Məmmədov

© APA | Elnur Məmmədov

# 08 dekabr 2021 11:18 (UTC +04:00)

“Azərbaycanın müraciət etdiyi ikinci məhkəmə Beynəlxalq Ədalət Məhkəməsidir”.

APA-nın xəbərinə görə, bunu Azərbaycan xarici işlər nazirinin müavini Elnur Məmmədov ötən gün Beynəlxalq Ədalət Məhkəməsinin müvəqqəti tədbirlərinə dair qərarı ilə bağlı mətbuat brifinqində deyib.

Nazir müavini bildirib ki, bu məhkəmədə də Ermənistan Azərbaycana qarşı əsassız qarşılıqlı iddia irəli sürüb: “Hər iki dövlət məhkəmədə müvəqqəti qərarların qəbul edilməsi üçün vəsatət verib. Məhkəmə yekun qərar çıxarmaq üçün illər ərzində şikayətlərə baxacaq. Ancaq yekun qərar çıxanadək həm Azərbaycan, həm də Ermənistan müvəqqəti qərar çıxarılması üçün vəsatət vermişdi. Oktyabrın 14-19-dək keçirilən dinləmələrdə bu vəsatətə baxıldı. Bu dinləmələrdə Azərbaycan Ermənistana qarşı öz sübutlarını təqdim edib. Azərbaycan tərəfini bu proses çərçivəsində ABŞ və Britaniyadan olan peşəkar vəkillər komandası təmsil edib".

Nazir müavini vurğulayıb ki, Ermənistanın məhkəmə qarşısında əsas vəsatəti Azərbaycanda saxlanılan cinayət törətmiş şəxslərin dərhal və qeyd-şərtsiz buraxılmasıdır: “Məhkəmədə dinləmələr zamanı Ermənistan tərəfi özlərinə ayrılmış vaxtın böyük əksəriyyətini bu məsələyə həsr edib. Bu tələbi Azərbaycanda həmin şəxslərə qarşı irəli sürülən ittihamların əsassız olması ilə əlaqələndirməyə çalışıblar. Tərəfimizdən saxlanılan şəxslərə qarşı bütün ittiham aktları, faktlar beynəlxalq məhkəməyə təqdim edilib. Nəticədə beynəlxalq məhkəmə Ermənistanın Azərbaycana qarşı qaldırdığı bu vəsatəti tamamilə rədd edib. Vəsatəti rədd etməklə beynəlxalq məhkəmə Azərbaycanda saxlanılan ermənilərlə bağlı gedən prosesə öz hörmətini göstərib və müdaxilə etməyib”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR