Millət vəkili: “Ermənistanın növbəti təbliğat kampaniyası, yalanları ifşa olundu”

Məlahət İbrahimqızı, Milli Məclisin deputatı

© APA | Məlahət İbrahimqızı, Milli Məclisin deputatı

# 06 iyul 2021 12:42 (UTC +04:00)

“Ermənistanın uzun müddət apardığı növbəti təbliğat kampaniyası, erməni yalanları ifşa olundu”.

Bunu APA-ya açıqlamasında millət vəkili Məlahət İbrahimqızı bildirib.

Millət vəkili deyib ki, iyulun 3-də Rusiya Federasiyasının təşəbbüsü ilə Ermənistan işğal dövründə Füzuli və Zəngilan rayonlarında basdırdığı təqribən 92 min tank və piyada əleyhinə minalara dair xəritələri Azərbaycan tərəfinə təqdim edib. Humanist addım olaraq Azərbaycan tərəfi isə məhkəmənin hökmü ilə azadlıqdan məhrum edilmiş və təyin edilmiş cəza müddəti bitmiş 15 nəfər erməni əsilli şəxsi Ermənistana təhvil verib: “Ağdamdan sonra Füzuli və Zəngilan rayonları 30 illik işğal dövründə ən çox minalanmış ərazilər olub. Ağdamdan sonra Füzuli və Zəngilan ərazisində basdırılmış minalara dair xəritələrinin əldə edilməsi Prezident İlham Əliyevin diplomatik məharəti, prinsipial və qətiyyətli mövqeyi Azərbaycan diplomatiyasının növbəti uğurudur. Çünki Ağdamdan sonra ən böyük infrastruktur layihələri hazırda Füzulidə həyata keçirildiyi üçün bu rayon işğaldan azad edilən ərazilərdə quruculuq işlərinin aparılması baxımından strateji əhəmiyyət kəsb edir. Mina xəritələrinin əldə edilməsi on minlərlə vətəndaşımızın, o cümlədən minatəmizləyənlərin həyatını təhlükədən xilas edəcək və işğaldan azad edilmiş ərazilərimizdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən əsası qoyulan tikinti və yenidənqurma layihələrini və məcburi köçkünlərin qayıdışı prosesini sürətləndirəcək. Digər tərəfdən, təhvil verilən həmin erməni hərbçilər Ermənistana qayıtdıqdan sonra hamı onu da gördü ki, onlarla Azərbaycanda çox yaxşı rəftar olunub, hər şeylə təmin ediliblər”.

M. İbrahimqızı Azərbaycanın humanizm prinsiplərinə sadiq olduğunu və beynəlxalq hüquqla müəyyən edilmiş bütün norma və prinsiplərə dönmədən əməl etdiyini vurğulayıb: “Ermənistan uzun müddət təbliğat apardı ki, Azərbaycanda saxlanılan hərbçilərinə işgəncə verilir, onlarla qeyri insani rəftar edilir. Ayrı-ayrı xarici təşkilatlar, müxtəlif ölkələrin rəsmi şəxsləri erməni iddialarına dəstək verir, onların qaytarılması tələbi ilə çıxış edir, Azərbaycana qarşı aparılan kampaniyaya dəstəklərini ifadə edirdilər. Ancaq Azərbaycanın növbəti humanist addımı bu erməni yalanlarının növbəti ifşası oldu, həm də onlara dəstək verənlərin bütün cəhdlərinin əbəs yerə olduğunu göstərdi. Azərbaycanın humanizm prinsiplərinə sadiqliyi, beynəlxalq hüquqla müəyyən edilmiş bütün norma və prinsiplərə dönmədən əməl etməsi həm də müharibə vaxtı ölmüş erməni hərbçilərinin meyitlərinin axtarıb tapılması və geri qaytarılmasında da özünü aydın göstərir. Artıq 1600-dən artıq meyit Ermənistana təhvil verilib. Lakin Ermənistan hələ də Birinci Qarabağ müharibəsində əsir, girov götürülmüş və taleyi məlum olmayan 4 mindən artıq azərbaycanlı haqqında heç bir məlumat vermir. Humanizm ideyalarını əlində bayraq edib Ermənistanın yalanlarını müdafiə edən xarici dairələr bu məsələni niyə gündəmə gətirmir, Ermənistan qarşısında tələb qoymurlar?!".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR