Qlobal Bakı Forumunda "Cənubi Qafqaz: regional inkişaf və əməkdaşlıq üçün perspektivlər" mövzusunda panel keçirilib - FOTO

Qlobal Bakı Forumu

© APA | Qlobal Bakı Forumu

# 06 noyabr 2021 10:38 (UTC +04:00)

Bu gün Azərbaycan Prezidenti İlham Əliyevin himayəsi altında və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə “COVID-19-dan sonrakı dünya” mövzusunda Qlobal Bakı Forumu çərçivəsində “Cənubi Qafqaz: regional inkişaf və əməkdaşlıq üçün perspektivlər” mövzusunda panel keçirilib.

APA-nın məlumatına görə, panelin moderatoru Latviyanın keçmiş Prezidenti (2007-2011) Valdis Zatlers olub.

Ermənistan-Azərbaycan münaqişəsindən danışan Valdis Zatlers deyib ki, BMT Təhlükəsizlik Şurasının qətnamələrinə, ATƏT-in Minsk qrupunun səylərinə baxmayaraq, 30 il ərzində münaqişə həllini tapmayıb, keçən il məhz Azərbaycan özü münaqişəni həll edib.

Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Azərbaycanın Ermənistanla sülh müqaviləsi imzalamaq istədiyini bildirib.

Türkiyənin keçmiş Baş naziri (2016-2018-ci il) Binəli Yıldırım Ermənistanın Azərbaycanın təklif etdiyi sülh müqaviləsinə müsbət yanaşmalı olduğunu vurğulayıb. Humanitar məqsədlə açılmış Laçın dəhlizindən fərqli məqsədlərlə istifadə edildiyinin müşahidə olunduğunu söyləyən B. Yıldırım bunun yolverilməz olduğunu vurğulayıb, Rusiyanı üçtərəfli razılaşmaya uyğun olaraq üzərinə düşən vəzifələri yerinə yetirməyə çağırıb.

ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə müavinin keçmiş köməkçisi (2005-2007) Deyvid Merkel qeyd edib ki, Azərbaycanın əraziləri işğaldan ediləndən sonra regional təşəbbüslər nəticəsində bölgə inkişaf edəcək: “ABŞ daha çox Asiyaya yönəlib. Ancaq biz qlobal gücüksə, Cənubi Qafqazda da ABŞ mühüm rol oynamalıdır. ABŞ Cənubi Qafqazda etimad tədbirlərinin həyata keçirilməsini, iqtisadi yardımları, layihələrin reallaşmasını təmin edə bilər”.

Latviyanın keçmiş Prezidenti (2007-2011) Valdis Zatlers isə Cənubi Qafqaz ölkələrinin Çinin “Bir yol, bir qurşaq” layihəsində fəal iştirak etməsini vacib sayıb.

Türkiyənin keçmiş xarici işlər naziri Hikmət Çətin nəzərə çatdırıb ki, Türkiyə Ermənistan müstəqilliyini tanıyıb: “Mən xarici işlər naziri olduğum dövrdə ABŞ, Rusiya, Türkiyə və Ermənistan xarici işlər nazirlərinin iştirakı ilə görüş keçirilməsini təklif etmişdim. Ancaq son anda Ermənistan görüşə qatılmadı. Görüşdə Ermənistanın münaqişənin konstruktiv həllinə razılıq verəcəyi halda neft və qaz kəmərlərinin Ermənistan ərazisindən keçməsini təklif edəcəkdik. Ermənistanın Rusiyanın əvəzinə Türkiyə üzərindən Avropaya çıxmasını təklif edəcəkdik. Biz bu regionda sülh şəraitində yaşamağı öyrənməliyik”.

Latviyanın keçmiş Prezidenti (2007-2011) Valdis Zatlers Türkiyənin Ermənistanın potensialını reallaşdırmağa kömək edəcəyinə inandığını söyləyib.

Panel müzakirələrlə davam edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR