Sahibə Qafarova beynəlxalq ictimaiyyəti Ermənistana mina xəritələrini verməyə təzyiq etməyə çağırıb

Sahibə Qafarova beynəlxalq ictimaiyyəti Ermənistana mina xəritələrini verməyə təzyiq etməyə çağırıb

© APA | Sahibə Qafarova, Milli Məclisin sədri

# 01 iyul 2021 13:23 (UTC +04:00)

Macarıstanda rəsmi səfərdə olan Milli Məclisin sədri Sahibə Qafarovanın başçılığı ilə Azərbaycan parlamentinin nümayəndə heyəti iyunun 30-da Macarıstan Diplomatik Akademiyasında keçirilən tədbirdə iştirak edib.

Milli Məclisin Mətbuat və İctimaiyyətlə əlaqələr şöbəsindən APA-ya verilən məlumata görə, Milli Məclisin sədri Sahibə Qafarova ilə Macarıstanın Dövlət katibi – Macarıstan Diplomatik Akademiyasının prezidenti Orsolya Pacsay Tomassiç arasında görüş olub.

Sonra Milli Məclisin sədri Macarıstan Diplomatik Akademiyasında keçirilən konfransda çıxış edib.

Azərbaycan və Macarıstan arasında münasibətlərə toxunan Sahibə Qafarova qeyd edib ki, Macarıstan ölkəmizin müstəqilliyini tanıyan ilk dövlətlərdən biridir. Milli Məclis sədri bildirib ki, gələn il diplomatik münasibətlərin 30 illiyi qeyd ediləcək.

Azərbaycan parlamentinin rəhbəri ərazilərimizin 30 il müddətində Ermənistan tərəfindən işğalda saxlanmasının uzun illər Qafqazda regional inkişafa və inteqrasiyaya əsas maneə olduğunu vurğulayıb. Spiker ötən il Azərbaycanın öz hərbi-siyasi imkanları hesabına erməni işğalına son qoyduğunu bildirib. S. Qafarova Azərbaycanın haqlı və ədalətli mövqeyini dəstəklədiklərinə görə Macarıstan hökumətinə və macar həmkarlarına təşəkkürünü bildirib. İşğal dövründə erməni vandallarının şəhər və kəndlərimizə vurduqları ziyandan danışıb. Milli Məclisin sədri məlumat verib ki, Azərbaycan artıq azad edilmiş ərazilərdə genişmiqyaslı bərpa və yenidənqurma işlərinə başlayıb.

S.Qafarova xatırladıb ki, Ermənistanın Azərbaycana qarşı təcavüzü nəticəsində 1 milyon qaçqın və məcburi köçkünümüz var. Onlar öz evlərinə qayıtmalıdırlar. Biz məcburi köçkünlərin təhlükəsizliyini təmin etməliyik. Ancaq bu yolda çoxlu maneələr var.

Milli Məclisin sədri ilk növbədə işğaldan azad edilmiş ərazilərin minalardan təmizlənməli olduğunu vurğulayıb. Qeyd edib ki, Ermənistan azad edilmiş torpaqlarımızdakı minalanmış ərazilərin xəritələrini verməkdən imtina edir. Bunun nəticəsində Azərbaycan vətəndaşı olan hərbi qulluqçu və mülki şəxslər, o cümlədən jurnalistlər mina partlaması nəticəsində yaralanıb və ya həlak olublar. O, bir daha beynəlxalq ictimaiyyəti Ermənistanı minalanmış ərazilərin xəritələrini verməyə məcbur etməyə çağırıb.

Milli Məclisin sədri Ermənistanın uydurma “hərbi əsirlər” iddiasına da diqqət çəkib.

Sahibə Qafarova tədbir iştirakçılarının diqqətinə çatdırıb ki, Prezident İlham Əliyevin dəfələrlə dediyi kimi, Azərbaycan bölgədə sülh və sabitlik arzulayır. Azərbaycan bunun üçün bütün lazımı addımları atır və atmağa davam edəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR