Səfir: “İndiyədək heç kim Cəmmu və Kəşmirin Hindistana qoşulmasına dair sənədin orijinalını görməyib” - MÜSAHİBƏ

Bilal Hayee

© APA | Bilal Hayee

# 26 oktyabr 2021 12:26 (UTC +04:00)

Pakistanın Azərbaycandakı səfiri Bilal Hayeenin APA-ya müsahibəsi

- Hər il oktyabr ayında həm Pakistanda, həm də dünyanın müxtəlif ölkələrindəki Pakistan icmaları Kəşmirin Qara Gününü qeyd edir. Bu gün sizin üçün nə məna ifadə edir?

- Hər ilin 27 oktyabrında Pakistanda və bütün dünyada qeyd edilən Kəşmirin Qara Günü əslində Cəmmu və Kəşmir əyalətinin hökmdarının Hindistan hökuməti ilə qoşulma haqqında sənəd imzalaması və onun Kəşmirin Hindistana qoşulma niyyətini ifadə etməsi ilə bağlıdır.

Bu, açıq şəkildə Cəmmu və Kəşmir əhalisinin istəklərinə zidd idi. Beləliklə, Cəmmu və Kəşmir xalqı bunu etiraz günü kimi qeyd edir, Qara Gün kimi qəbul edir, çünki onların öz müqəddəratını təyin etmək hüquqları qondarma qoşulma sənədi ilə pozulub. Bu barədə çoxlu araşdırma aparılıb. Azərbaycanlı qardaş və bacılarımızın da bildiyi kimi, Cəmmu və Kəşmir əyaləti yarımqitənin əhalinin sıx məskunlaşmış əyalətlərindən biridir və yarımqitə Hindistan və Pakistan kimi iki ölkəyə bölünəndə bu ştata Hindistan və ya Pakistana birləşə bilmək imkanı verilmişdi.

Əhalinin sıx yaşadığı bu regionla bağlı prinsiplərdən biri də Hindistana və ya Pakistana qoşulmaq istəməsindən asılı olmayaraq, bu regionun xalqının istəklərinə hörmət olunması idi. İkinci prinsip ondan ibarət idi ki, bu regionun coğrafi yaxınlığı nəzərə alınmalıydı, coğrafi baxımdan bura Hindistana, yoxsa Pakistan tərəfinə daha yaxındır. Bunlar iki əsas prinsip idi və bu prinsiplər Cəmmu və Kəşmir əyalətinin Pakistana daxil olmasına çox açıq səbəbi idi, çünki bu regionun əhalisinin təxminən 90 faizi müsəlmandır və onlar Pakistana qoşulmaq istəklərini bildiriblər. İkincisi, xəritədə də gördüyümüz kimi, bura Pakistan ərazisi ilə bitişikdir. Bədbəxtlik ondadır ki, o ştatın hökmdarı Hindistan hakimiyyəti ilə sövdələşən və qondarma qoşulma sənədini imzalayan hindli Maharaca idi. Amma akademik səviyyədə də bu günə qədər aparılan tədqiqatlarda heç kim həmin qoşulma sənədinin orijinal surətini görməyib. Beləliklə, insanlar bunun həqiqi sənəd olub-olmadığını, yoxsa Hindistan səlahiyyətliləri tərəfindən imzalandığını, qəbul edildiyini və istifadə edildiyini bilmir, bunun hüquqi bir sənəd olduğu sual altına düşür. İkincisi, bu sənədin imzalanmasından əvvəl Maharaca Pakistanla müqavilə imzalamışdı ("Standstill Agreement") və bu sənədə əsasən tərəflər arasında razılaşdırıldı ki, Maharaca Cəmmu və Kəşmir əyalətinin hüquqi statusunu dəyişdirəcək heç bir addım atmayacaq. Belə ki, bu hərəkətin Kəşmir əhalisinin istəklərinə zidd olaraq tamamilə qeyri-qanuni olduğu qəbul edilir və buna görə də bütün dünyada Kəşmirlilər bu günü Qara Gün kimi qeyd edirlər.

- Bu münaqişədə müxtəlif faktorlar rol oynayır, həm dini, həm etnik, həm də siyasi faktorların kombinasiyasını görürük. Münaqişənin həllinin tapılması istiqamətində bu faktorlar nəzərə alınırmı?

- Beynəlxalq ictimaiyyətin Kəşmir məsələsinin, sadəcə, ikitərəfli mübahisə, Hindistan və Pakistan arasında problem olmadığını başa düşməsi çox vacibdir. Bu, çoxşaxəli ölçüləri olan beynəlxalq mübahisədir. Birincisi budur ki, bu, beynəlxalq mübahisədir, çünki bu, BMT-nin gündəliyindədir, BMT Təhlükəsizlik Şurasının bununla bağlı 11 qətnaməsi və sənədi var. BMT öz mandatı əsasında plebisitin Cammu və Kəşmirdə keçirilməsini tələb edir. Cəmmu və Kəşmir xalqı öz gələcəyini təyin etmək hüququna malikdir, əksinə, ədalətli və azad plebisit keçirilmədən bu münaqişənin həlli yoxdur. Amma hər şeydən əvvəl deyərdim ki, Hindistan və Pakistan böyük dövlətlərdir, nüvə gücləridir. Cəmmu və Kəşmir münaqişəsinin bu qədər uzanması təkcə Cənubi Asiya deyil, bütün dünya ictimaiyyəti üçün real təhlükədir, çünki Allah qorusun, əgər bu məsələyə görə nüvə toqquşması başlayarsa, bu, dünya ictimaiyyəti üçün çox dəhşətli və dağıdıcı olar. Çünki elm adamları hesab edirlər ki, Hindistan və Pakistanın malik olduğu nüvə silahları hər hansı böyük münaqişədə istifadə edilərsə, nəinki Cənubi Asiya üçün, hətta ondan kənarda da fəlakət yaradar.

Çünki bu, bir neçə onilliklər ərzində Günəş işığının Yerə daxil olmasına maneə yaradan tüstü qatı yarada, kənd təsərrüfatını, yaşayış mühitini məhv edə bilər. Heç kim bu mübahisənin daha da uzadılmasının tərəfdarı deyil. Bu, təkcə Hindistan və Pakistanın məsələsi deyil, həm də BMT TŞ-nin bütün üzvlərinin məsələsi olmalıdır, xüsusən də beş daimi üzv - ABŞ, Rusiya, Çin, Fransa və Böyük Britaniya bu qətnamələrin bir növ zəmanətçisidir, çünki bu, onların qətnaməsdidir. Bu qətnamələr Cəmmu və Kəşmir mübahisəsinin həllinin azad yolla plebisit əsasında qərar veriləcəyinə razılaşan beynəlxalq ictimaiyyətin kollektiv səsi idi. Həmin qətnamələr həyata keçirilməsə, bu, beynəlxalq hüququn, BMT kimi beynəlxalq platformaların ələ salındığını və regionda sabitliyi pozmaq üçün imkanların olduğunu göstərir. Bildiyiniz kimi, Pakistan və Hindistanda yoxsul əhali var, bu mübahisə Cənubi Asiya xalqlarını iqtisadi böyümə və rifah uğrunda mübarizədə geridə qoyub. Beləliklə, bu mübahisənin həllinin Cəmmu və Kəşmir xalqının istəklərinə uyğun və BMT TŞ qətnamələrinə uyğun tapılması son dərəcə vacibdir.

- Bildiyimiz kimi, Çinin də Kəşmirlə bağlı iddiaları var. Lakin eyni zamanda bu ölkə Kəşmirlə bağlı BMT qətnamələrinin qəbul olunmasında ilk təşəbbüskarlardan olub. Ümumiyyətlə, Çin bu münaqişənin həllində necə rol oynaya bilər?

- Bəli, sizin də qeyd etdiyiniz kimi, Çinin də bu ərazinin müəyyən hissəsinə iddiası var və bu ərazini Aksai Çin adlandırırlar, hətta bu ərazi ilə bağlı mübahisəyə görə 1962-ci ildə Çin və Hindistan arasında toqquşma da olub. Bu məsələ hələ də mübahisəlidir və həll olunmayıb. Sərhədin bu hissəsində Çin və Hindistan arasında gərginlik yaşanır. Düşünürəm ki, Çin regionumuzda vacib və əsas oyunçudur. Çinin Hindistanla böyük miqyaslı ticarət əlaqələri var, eyni zamanda Çin Pakistanın strateji tərəfdaşıdır. Beləliklə, biz inanırıq ki, Çinin bu məsələnin həllində oynayacağı rol səmərəli və yararlı ola bilər.

- Ötən illər ərzində Pakistan və Hindistan arasında həm toqquşmalar və müharibələr, həm də danışıqlar olub, lakin hələ də bu mübahisə həllini tapmayıb...

- Bu münaqişənin həllində əsas maneə Hindistandakı rejimin dönməzliyidir. Xüsusilə də hazırkı Hindistan rejiminin atdığı müəyyən addımlar məsələni bütövlükdə daha da mürəkkəbləşdirib. Belə ki, Hindistan Konstitusiyasında Cəmmu və Kəşmir ştatına xüsusi status təmin edən 370-ci maddənin ləğv etdilər və 2019-cu il avqustundan bəri vəziyyət pisləşib, qeyri-stabilləşib.

Bu bir faktdır ki, biz qeyri-hindli olan azlıqların, cəmiyyətlərin yalnız Cəmmu və Kəşmirdə deyil, həmçinin Hindistanın digər hissələrində də öz kimliyinə, vətənpərvərliyinə və ən əsası, mövcudluğuna görə yeni çətinliklərlə üzləşdiyini görürük. Hökumətin vətəndaşlıq aktına etdiyi dəyişikliklər çoxsaylı qeyri-hindlini vətəndaşlığı olmayan şəxslərə çevirib.

Biz hökumətə qarşı tez-tez etirazlar görürük. Hazırkı Hindistan hökuməti xüsusi siyasət qəbul edib, bunun da məğzi ondan ibarətdir ki, yalnız hindlilər, yuxarı sinif hindlilər Hindistanın ştatlarında yaşaya bilərlər. Onlar "Muhabarata" ideyasını ortaya atıblar, bu da Hindistanın qonşu ölkələrini - yalnız Pakistanı deyil, Banqladeş, Şri-Lanka, Butan və Nepalın mövcudluğunu də təhdid edir.

Böyük Hindistan konsepsiyasına görə, başqa ölkələrin mövcudluq hüququ yoxdur, yalnız Hindistan və onun hindli vətəndaşları əsasdır.

Bu, region üçün əsas problemdir, yanaşma dəyişməyənədək, tolerantlıq yanaşması, sülh içində birgə yaşayış qəbul edilmədikcə, bu regiona sülh gəlməyəcək.

Pakistan hər zaman səmimi şəkildə çalışaraq bu məsələni sülh yolu ilə həll etməyə cəhdlər göstərib. İki ölkənin - Hindistan və Pakistanın yarandığı ilk vaxtlarda bizim Baş nazirimiz və o zamankı digər yüksək səviyyəli liderlərimiz dürüst danışıqlar aparıblar. O zamankı Hindistan rəhbərliyi də (Nehruya qədərki dövrdə) bu məsələnin BMT qətnamələri əsasında həll olunması ilə bağlı niyyətlərini ifadə etmişdi. Lakin sonralar Hindistan beynəlxalq ictimaiyyətin gözündə böyük bazara çevrildiyini düşündükcə, əhalinin sayına görə beynəlxalq bazarı ölkəyə cəlb etdikcə, onların mövqeyi daha da sərtləşdi.

Beləliklə, keçmişdə bu istiqamətdə cəhdlər olub, lakin eyni zamanda yaxın tarixdə də bu olub, Pakistan və Hindistanın "hərtərəfli dialoq" adlanan mexanizmi vardı ki, burada əsas məsələ Kəşmir münaqişəsi idi. Lakin terror, su ehtiyatları ilə bağlı mübahisələr və s. kimi məsələlərin müzakirəsi də bu mexanizmdə vardı. Pakistan tərəfi öz istəyində çox dürüst və səmimi idi.

Biz bütün bu mübahisələri həll etməliyik, çünki aydındır ki, irəliləyiş, regionda iqtisadi çiçəklənmə istəyiriksə, bu məsələləri həll etməliyik. Çünki bunların həlli olmadan Cənubi Asiya xalqları yoxsulluğun tələsində qalacaqlar.

Bildiyiniz kimi, Pakistan həmişə nəticə-əsaslı dialoq üçün çağırış edib, elə bir dialoq ki həll yollarına gətirib çıxarsın. Hələlik bu məsələ həllini tapmayıb. Hindistanla problem ondan ibarətdir ki, biz məsələni BMT-yə, beynəlxalq forumlara aparanda Hindistan bunun ikitərəfli mübahisə olduğunu, biz ikitərəfli dialoq təklif edəndə isə Pakistanla dialoq aparmaq istəmədiyini bildirir, dialoq təklifini rədd edir. Bu, bir növ çətin və sərt yanaşmadır. Biz hesab edirik ki, beynəlxalq ictimaiyyətin rolu son dərəcə vacibdir, çünki onlar müsbət və mənfi cəhətləri görür və təhlil aparırlar. Cənubi Asiyanın bu regionu daha böyük bazar olacaq, beynəlxalq ictimaiyyətə daha yaxşı iqtisadi potensial və əlaqələr təklif edəcək və ya müharibə və dialoqun amansız davamlı dövrəsində yalnız qalacaq.

Düşünürəm ki, bu, yaxşı seçim deyil, beynəlxalq ictimaiyyət başa düşməlidir ki, bugünkü dünyada insan hüquqlarından, beynəlxalq hüquqa hörmətdən danışılırsa, Cəmmu və Kəşmir məsələsində və Hindistanla əlaqə qurarkən bu prinsiplər işə salınmalı və həyata keçirməlidirlər. Hindistan bir milyarddan çox əhalisi olan böyük bazardır. ABŞ və bir çox Avropa ölkəsinin Hindistanla yaxşı münasibətləri var. Biz digər ölkələrindəki dostlarımızla danışanda onlara xatırladırıq ki, bir tərəfdən insan haqları və beynəlxalq hüquqa hörmətdən danışırsınız, bəs Hindistana niyə təzyiq etmirsiniz?

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR