Tural Gəncəliyev: “Antalya Diplomatiya Forumunda Azərbaycanla bağlı çox əhəmiyyətli tədbirlər keçirildi”

Milli Məclisinin deputatı, “Qarabağa dönüş” İctimai Birliyinin sədri Tural Gəncəliyev

© APA | Milli Məclisinin deputatı, “Qarabağa dönüş” İctimai Birliyinin sədri Tural Gəncəliyev

# 20 iyun 2021 01:36 (UTC +04:00)

“Türkiyənin Xarici İşlər Nazirliyinin təşkilatçılığı ilə Antalyada keçirilən bu beynəlxalq tədbirdə dünyanın hər bir yerindən dövlət və hökumət başçıları, xarici işlər nazirləri və digər rəsmilər, o cümlədən diplomatlar, elm adamları iştirak etdiyinə görə Azərbaycan üçün də çəx əhəmiyyətlidir”.

Antalya Diplomatiya Forumuna (ADF) qatılan Azərbaycan Milli Məclisinin deputatı, “Qarabağa dönüş” İctimai Birliyinin sədri Tural Gəncəliyev APA-nın Türkiyə bürosuna açıqlamasında bu fikirləri bildirib.

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlunun dəvətilə ADF-də iştirak etdiyini deyən millət vəkili beynəlxalq tədbirdə dünyanın gündəmində olan, Azərbaycan üçün önəmli hesab edilən məsələlərin müzakirə olunduğunu vurğulayıb: “Bu forumda qlobal idarəçilik, qlobal çağırışlar, terror təhlükələri, feyk xəbərlər, informasiya müharibəsi kontekstində olan məsələlər, xüsusilə də Cənubi Qafqazda yaranmış reallıq və Azərbaycanla da bağlı çox əhəmiyyətli panellər və müzakirələr keçirildi. Xankəndi millət vəkili olaraq belə bir forumda iştirakı çox əhəmiyyətli hesab edirəm. Foruma təkcə siyasətçilər, qərar qəbul edənlər, parlamentarilər deyil, müxtəlif beyin mərkəzləri, elm adamlarının da qatılması problemlərə elmi baxış nöqteyi-nəzərindən maraq doğurur. Digər tərəfdən, ölkəmizin tanıdılması və əlaqələrin qurulması, genişləndirilməsi baxımından da belə bir tədbirə qatılmaq müsbət haldır”.

T.Gəncəliyev iyunun 18-də Azərbaycan Respublikası Prezidentinin köməkçisi Hikmət Hacıyevin də iştirakı ilə “Virtual dünyada saxta xəbərlər” mövzusunda keçirilən paneldə hazırda qlobal problemə çevrilən saxta informasiyaların yayılması ilə bağlı, iyunun 19-da isə Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovun iştirakı ilə “Cənubi Qafqaz: regional sülh və əməkdaşlıq üçün yeni fürsətlər” mövzusunda keçirilən panelin əhəmiyyətini vurğulayıb: ““Virtual dünyada saxta xəbərlər” panelində hörmətli Hikmət Hacıyev Azərbaycanın üzləşdiyi, Ermənistanın da bizə qarşı istifadə etdiyi informasiya terrorundan danışdı, forumda feyk xəbərlərlə mübarizə məsələləri müzakirə edildi. Hesab edirəm ki, bu cür müzakirələr yeni dünya düzənində qlobal çağırışın tərkib hissəsi olan bu məsələyə qarşı mübarizəni kəskinləşdirməyə dəstək olacaq.
İyunun 19-da isə xarici işlər nazirimiz hörmətli Ceyhun Bayramovun iştirakı ilə Cənubi Qafqaz dinləmələri keçirildi. Cənubi Qafqazda yeni perspektivlər, 44 günlük müharibədən sonra açılan imkanlar və çox praqmatik fikirlər səsləndi. Qeyd etmək lazımdır ki, Azərbaycana qarşı olan münasibət artıq tamamilə dəyişib. Biz artıq kuluarlarda bunun şahidi oluruq. Ölkəmizin artan qüdrəti regionda oynadığı rol bu tipli tədbirlərdə də aşkar şəkildə özünü büruzə verir. Ümidvaram ki, bu diplomatik forum növbəti illərdə də dadam edəcək”.
Bu tipli tədbirlərin Azərbaycanda da keçirilməsinin arzu olunduğunu bildirən bildirən millət vəkili deyib ki, ölkəmiz bu sahədə təcrübəyə sahibdir: “Azərbaycanda da dünyanın mühüm siyasətçilərinin iştirakı ilə belə bir diplomatiya forumu təşkil etmək yaxşı olardı”.
Millət vəkili bildirib ki, forumda Şuşa Bəyannaməsinin əhəmiyyəti, Zəngəzur dəhlizinin açılması və 44 günlük vətən müharibəsində Azərbaycanın qələbəsi məsələləri də vurğulanıb, T.Gəncəliyev “Qarabağa dönüş” İctimai Birliyinin sədri olaraq beynəlxalq qurumların nümayəndələri, diplomatlar, rəsmi şəxslərin Qarabağla bağlı suallarını cavablandırıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR