Nazir Serbiyanın yeni səfirinin etimadnaməsinin surətini qəbul edib

 Nazir Serbiyanın yeni səfirinin etimadnaməsinin surətini qəbul edib
# 26 aprel 2021 18:22 (UTC +04:00)

Bu gün xarici işlər naziri Ceyhun Bayramov Serbiya Respublikasının Azərbaycan Respublikasına yeni təyin olunmuş səfiri Draqan Vladisavlieviçi qəbul edib. 

Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən APA-ya verilən xəbərə görə, nazir Ceyhun Bayramov səfir Draqan Vladisavlieviçin etimadnaməsinin surətini qəbul edib və səfiri təyinatı münasibətilə təbrik edib.

Ölkələrimiz arasında mövcud olan strateji tərəfdaşlıq münasibətlərini məmnunluqla qeyd edən nazir, Serbiyanın ölkəmizə yeni səfirinin təyin edilməsinin ölkələrimiz arasında münasibətlərin daha da inkişafına müsbət təsir göstərəcəyini bildirib. Dövlətlərarası münasibətlərdə Azərbaycan və Serbiyanın beynəlxalq hüququn prinsiplərinə, xüsusilə də dövlətlərin suverenliyi və ərazi bütövlüyü prinsipinə birmənalı dəstək verdikləri vurğulanıb.

Nazir Ceyhun Bayramov Azərbaycanın hazırda tarixi mərhələni yaşadığını qeyd edərək, Serbiya səfirinə 44 günlük müharibədən sonra bölgədə mövcud olan cari vəziyyətlə bağlı məlumat təqdim edib.

Səfir Draqan Vladisavlieviç qəbula görə nazir Ceyhun Bayramova təşəkkür edib. O, Serbiyanın xarici işlər naziri Nikola Selakoviçin səmimi salamlarını nazir Ceyhun Bayramovun diqqətinə çatdırıb.

Serbiya ilə Azərbaycanın oxşar problemlərlə üzləşdiyini qeyd edən səfir dövlət suverenliyinin qorunub saxlanılmasına dəstəyin önəmli olduğunu bildirib və Serbiyanın Azərbaycanın suverenliyi və ərazi bütövlüyünə qətiyyətli dəstək verdiyini vurğulayıb.

Görüşdə tərəflər, dövlətlərimiz arasında strateji münasibətlərin daha da inkişaf etdirilməsi üzrə müvafiq addımların atılması, o cümlədən qarşılıqlı səfər mübadiləsinin həyata keçirilməsi, Azərbaycan Respublikası ilə Serbiya Respublikası arasında ticarət və iqtisadi əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın növbəti iclasının keçirilməsi, ticarət mübadiləsinin artırılması, habelə digər sahələrdə əməkdaşlığın inkişaf etdirilməsi üzrə fikir mübadiləsi aparıblar.

Nazir Ceyhun Bayramov, öz növbəsində serbiyalı həmkarına səmimi salamlarını çatdırdı və səfir Draqan Vladisavlieviçə fəaliyyətində uğurlar arzu etdi.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR