Parlamentin komitə sədri: “ABŞ-da “erməni soyqırımı”nın yalan olduğunu bilsələr də, Türkiyəyə qarşı şantaj vasitəsi kimi istifadə edirlər”

Parlamentin komitə sədri: “ABŞ-da “erməni soyqırımı”nın yalan olduğunu bilsələr də, Türkiyəyə qarşı şantaj  vasitəsi kimi istifadə edirlər”
# 25 aprel 2021 16:55 (UTC +04:00)

“ABŞ Prezidenti Co Baydenin qondarma “erməni soyqırımı”nı tanınması barədə bəyanatı populizm, şantaj və siyasi təzyiq cəhdindən başqa bir şey deyil”.

Bunu APA-ya açıqlamasında Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Ziyafət Əsgərov bildirib.

Parlamentin komitə sədri deyib ki, Türkiyəyə qarşı belə şantajlar, siyasi təzyiqlər həmişə olub: “ABŞ Prezidentinin bu bəyanatı tarixi bir yanlışlıqdır. Türkiyə dəfələrlə Ermənistana təklif edib ki, arxivlər açılsın və həqiqətin nədən ibarət olduğunu bütün dünya bilsin. İstər Türkiyə tarixçiləri, hüquqşünasları, istərsə də dünyanın müxtəlif ölkələrindən tarixçilər, hüquqşünaslar arxivlərdə sənədləri araşdırsınlar. Türkiyə həmişə bu mövqedən çıxış edib, Ermənistan isə həmişə belə mövqe ortaya qoymaqdan qaçıb. Çünki bilirlər ki, arxivlər açılsa, həqiqətlər üzə çıxacaq, o halda da Ermənistan, ermənilər biabır olacaq. Bir məqamı da qeyd etmək istəyirəm. Mən bir müddət əvvəl ABŞ-ın sabiq Prezidenti Ronald Reyqanın müşavirinin bir məqaləsini oxudum. Müşavir məqalədə qeyd edir ki, Ronald Reyqan göstəriş verib ki, erməni məsələsini araşdırın, görün nədir. Müşavir yazır ki, bir qədər araşdırdıq və ABŞ Prezidentinə məlumat verəndə məlum oldu ki, araşdırmanın nəticələri açıqlansa, ermənilər utanacaqlar. Hərçənd ki, onlarda utanan üz yoxdur. Yəni ABŞ-da da bilirlər ki, “erməni soyqırımı” iddiaları yalan, böhtandır. Amma həmişə Türkiyəyə qarşı bunu şantaj, təzyiq vasitəsi kimi istifadə edirlər”.

Z. Əsgərov qeyd edib ki, C. Baydenin hər şeydən əvvəl Xocalı soyqırımı barədə fikir söyləməsi yaxşı olardı: “Çünki 30 il əvvəl hamının gözü qarşısında baş verən Xocalı soyqırımı kənarda qalıb, hansısa qondarma soyqırım haqqında bəyanat verir, guya onu tanıyır. Xocalı soyqırımı barədə sübutlar audio, video materiallarda əksini tapıb, xarici jurnalistlərin də bu barədə hazırladığı materiallar, süjetlər var, bütün dünyanın gözü qarşısında baş verib. Bəs niyə Xocalı soyqırımından danışmırsınız?! Əgər özlərini demokratik dövlət, insan hüquqlarının müdafiəçisi adlandırırlarsa, nə üçün Vətən müharibəsindən sonra Azərbaycanın mülki vətəndaşlarının, hərbçilərinin ölümünə yol açan minalanmış ərazilərin xəritəsinin Azərbaycana verilməsini Ermənistandan tələb etmirlər. Axı mülki insanlar bu minaların nəticəsinə həyatını itirir?! Eyni zamanda həmin ərazilərdən minaların təmizlənməsi uzun müddət tələb edir. Bəs ABŞ Prezidenti niyə Ermənistandan bu xəritələri tələb etmir?”.

Parlamentin komitə sədri ABŞ Prezidentinin uydurma soyqırımı tanımasının Türkiyə üçün heç bir tarixi, hüquqi nəticə doğurmadığını vurğulayıb: “Çünki bu tanımanın heç bir əsası yoxdur. Sadəcə, bu, Türkiyə və ABŞ, həm də NATO üzvü olan iki ölkə arasında münasibətlərin soyumasına gətirib çıxaracaq. Bundan kimin uduzub, kimin qazanacağını gələcək göstərəcək. Ümumiyyətlə, bütün bu oyunların bir məqsədi var. Bu məqsəd də Türkiyənin inkişafının qarşısını almaqdır. Türkiyə getdikcə güclənən, nəinki regionda, dünyada proseslərə əhəmiyyətli təsiri, çəkisi olan bir dövlətdir. Bunu da istəməyən qüvvələr var. Ona görə də saxta, mənasız, süni bəyanatlarla istəyirlər ki, Türkiyənin inkişafının qarşısını alsınlar, qardaş ölkəyə qarşı dünyada bir kampaniyaya başlasınlar. Bu, baş tutmayacaq. Türkiyə güclü dövlətdir, öz yolu ilə gedir, bundan sonra daha da güclənəcək. Azərbaycan da Türkiyənin həmişə yanındadır”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR