Azərbaycan vətəndaşlarını Rusiyada məcburi əməyə cəlb etməkdə təqsirləndirilən şəxsə hökm oxunub

Azərbaycan vətəndaşlarını Rusiyada məcburi əməyə cəlb etməkdə təqsirləndirilən şəxsə hökm oxunub
# 22 yanvar 2014 12:19 (UTC +04:00)

APA-nın məlumatına görə, prosesdə hökm oxunub. Hökmə əsasən, Ə. İlyasov 9 il müddətinə azadlıqdan məhrum edilib.

İttihama görə, Daxili İşlər Nazirliyinin İnsan Alverinə Qarşı Mübarizə İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Azərbaycan vətəndaşı Əvəz İlyasov həbs edilib. Onun bir qrup şəxslə cinayət əlaqəsinə girərək Azərbaycan vətəndaşlarını Rusiyanın Samara şəhərində məcburi əməyə cəlb etməsi faktı müəyyən edilib.

İstintaq müəyyən edib ki, Əvəz, Rzabala və Səid İlyasov qardaşları insan alveri ilə pul qazanmaq qərarına gəliblər. Onlar kasıb ailədən olan azərbaycanlılara tikinti sektorunda iş təklif ediblər, onlar üçün xarici pasport və qatara bilet alıblar, 2011-ci il dekabrın 10-da isə həmyerlilərimizi Samaraya aparıblar. Həmin şəxslər orada donuz fermasını təmizləməyə və heyvanlara baxmağa başlayıblar.

Səid İlyasov bir neçə il əvvəl hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən həbs edilib. O, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 8 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Səid İlyasovun cinayət işi araşdırılan zaman digər qardaşları məsuliyyətə cəlb etmək mümkün olmayıb. Rzabala və Əvəz İlyasov qardaşları Azərbaycanın hüdudlarından kənarda olduğu üçün həbs edilmələri mümkün olmayıb. Lakin ötən il hüquq-mühafizə orqanlarının əməkdaşları Əvəz İlyasovu həbs edə biliblər. Amma Rzabala İlyasovu həbs etmək mümkün olmayıb. Buna görə də Rzabala İlyasovun barəsində İnterpol vasitəsi ilə beynəlxalq axtarış elan edilib.

Ə. İlyasov Cinayət Məcəlləsinin 144-1-ci (insan alveri) maddəsinə əsasən ittiham olunub.

Onu da qeyd edək ki, hökmdən narazı qalan Ə. İlyasov apellyasiya şikayəti verib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR