Məhkəmə hüquq müdafiəçisinin şikayətini təmin etməyib

Məhkəmə hüquq müdafiəçisinin şikayətini təmin etməyib
# 06 mart 2013 13:49 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Bu gün Ali Məhkəmədə hüquq müdafiəçisi və bloqger Taleh Xasməmmədovun cinayət işi üzrə məhkəmə qərarından verilən kassasiya şikayətinə baxılıb.

Bu barədə APA-ya Demokratiya və İnsan Hüquqları Resurs Mərkəzinin rəhbəri, vəkil Əsabəli Mustafayev məlumat verib. Ə. Mustafayev kassasiya şikayətinin təmin olunmadığını deyib.

Qeyd edək ki, Göyçay və Ucar rayonlarında hüquq müdafiəçisi kimi fəaliyyət göstərən T. Xasməmmədov 2011-ci il noyabrın 12-də həbs olunub. O polisin otağında xuliqanlıq etməkdə günahlandırılır və barəsində Cinayət Məcəlləsinin 221.2, 221.3 (xuliqanlıq) maddələri ilə cinayət işi açılıb. Daha sonra isə ona qarşı 315-ci (hakimiyyət nümayəndəsinə qarşı zor tətbiq etmə və ya müqavimət göstərmə) maddəsi üzrə ittiham irəli sürülüb.

Kürdəmir rayon Məhkəməsinin hökmü ilə T. Xasməmmədov 4 il müddətinə azadlıqdan məhrum edilib. Həmin qərardan apellyasiya şikayəti verilib. Apellyasiya şikayətində T. Xasməmmədovun barəsində bəraət hökmünün çıxarılması istənilib. Lakin məhkəmə şikayəti təmin etməyib. Bunun üçün də qərardan kassasiya şikayəti verilib.

Onu da qeyd edək ki, T. Xasməmmədov prezident İlham Əliyevin sonuncu əfv sərəncamı ilə azadlığa buraxılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR