“Piyadalar, diqqətli olun!” şərti adı altında hərəkətin təhlükəsizliyi həftəliyi keçirilir

“Piyadalar, diqqətli olun!” şərti adı altında hərəkətin təhlükəsizliyi həftəliyi keçirilir
# 24 aprel 2012 07:50 (UTC +04:00)
Bakı. Hafiz Heydərov – APA. Azərbaycanda “Piyadalar, diqqətli olun!” şərti adı altında hərəkətin təhlükəsizliyi həftəliyi keçirilir. Baş Dövlət Yol Polisi İdarəsindən APA-ya verilən məlumata görə, nəqliyyat vasitələrinin sayının sürətlə artması hərəkət intensivliyinin yüksəlməsi ilə nəticələndiyindən baş verə biləcək yol-nəqliyyat hadisələrinin qarşısının alınması, xüsusilə də piyadaların həyat və sağlamlığının qorunması sahəsində əlavə tədbirlərin görülməsinə zərurət yaranıb.

Statistik məlumatlara əsasən cari ilin ilk 3 ayı ərzində piyadaların vurulması ilə bağlı qeydə alınmış hadisələr ümumilikdə ölkədə baş verən yol-nəqliyyat hadisələrinin 40 faizini, Bakı şəhərində isə 55,2 faizini təşkil edir. Təhlillər göstərir ki, əksər hallarda belə hadisələrin baş verməsində sürücülərlə yanaşı, piyadaların da müəyyən təqsiri var. Məhz buna görə də, piyadaların vurulması ilə nəticələnən yol-nəqliyyat hadisələrinin qarşısının alınması, hərəkət iştirakçıları, xüsusilə də piyadalar arasında intizamın möhkəmləndirilməsi məqsədilə Daxili İşlər Nazirliyinin müvafiq əmrinə uyğun olaraq aprelin 23-dən 30-dək ölkə ərazisində “Piyadalar, diqqətli olun!” şərti adı altında hərəkətin təhlükəsizliyi həftəliyi keçiriləcək.

Bir həftə ərzində xidməti ərazilərdə piyadaların vurulması ilə nəticələn yol-nəqliyyat hadisələrinin səbəbləri araşdırılaraq konkret profilaktiki tədbirlərin görülməsi, piyadaların yol hərəkəti qaydalarını pozmasının qarşısı almaq məqsədilə müntəzəm reydlərin keçirilməsi və bu istiqamətdə KİV-də təbliğatı daha da gücləndirmək, həmçinin təhsil müəssisələrində və əmək kollektivlərində maarifləndirici görüşlərin keçirilməsi nəzərdə tutulub.

Bu məqsədlə Baş Dövlət Yol Polisi İdarəsi bütün hərəkət iştirakçılarını, xüsusilə də piyadaları həftəlik ərzində nümunəvi davranışla çıxış etməyə çağırır.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR