Meksika xarici neft şirkətləri ilə əlaqə qurmaq üçün Azərbaycanın təcrübəsini öyrənmək istəyir - FOTOSESSİYA

Meksika xarici neft şirkətləri ilə əlaqə qurmaq üçün Azərbaycanın təcrübəsini öyrənmək istəyir - <font color=red>FOTOSESSİYA</font>
# 19 iyul 2012 09:48 (UTC +04:00)
Bakı. Əli Əhmədov - APA-Economics. Bu gün Azərbaycanın sənaye və energetika naziri Natiq Əliyev Meksikanın Deputatlar Palatasının prezidenti Oskar Martin Arse Paniaquanın başçılıq etdiyi nümayəndə heyətini ilə görüşüb.

«APA-Economics»in məlumatına görə, görüşdə Azərbaycanla Meksika arasında müxtəlif sahələrdə əməkdaşlıq imkanları müzakirə edilib.

Azərbaycan iqtisadiyyatı, neft-qaz kompleksi və bu sahədə həyata keçirilən layihələr barədə məlumat verən Natiq Əliyev Meksika kimi Azərbaycanın da dənizin dərinsulu hissələrində neft yataqlarının kəşfiyyatı və hasilatı sahəsində təcrübəsi olduğunu, tərəflərin bu sahədə əməkdaşlıq edə biləcəyini vurğulayıb. Nazir Azərbaycanda müasir neft-kimya kompleksinin tikildiyini və bu sahədə əməkdaşlıq imkanlarının olduğunu qeyd edib. Birgə əməkdaşlığın mümkün olduğu sahələr arasında enerji səmərəliliyinin tətbiqi, alternativ energetikanın inkişafı və s. sahələr sadalanıb.

Meksika nümayəndə heyətinin rəhbəri Oskar Martin Arse Paniaqua əməkdaşlıq sahələrindən biri kimi meksikalı tələbələrin Azərbaycanda neft sahəsində təhsil almasını qeyd edib. O, ölkəsinin xarici neft şirkətləri ilə əlaqələrin qurulmasında Azərbaycanın təcrübəsinə ehtiyacı olduğunu bildirib: «Biz xarici şirkətlərlə razılaşmaya gələ, uyğun şərtlərlə işləyə bilmirik. Amma düşünürük ki, siz öz təcrübənizi bizimlə bölüşsəniz, bundan istifadə edərək birlikdə çalışa bilərik. Siz bu sahədə 20 illik təcrübəyə maliksiniz və biz bu təcrübəni bizimlə bölüşmənizi istərdik».

Ölkəsinin dərinsulu neft yataqlarında kəşfiyyat işlərinə hazırlaşdığını bildirən qonaq bu sahədə xarici şirkətlərlə əməkdaşlığın zəruri olduğunu deyərək qeyd edib ki, hökumətin bu sahəni monopoliyada saxlamaq istəyi bəzən əməkdaşlıq üçün problemlər yaradır: «Nəticədə ölkəyə xarici şirkətlərin gəlməsində və neft yataqlarının işlənməsində yeni texnologiyaların tətbiqində problemlər var. Ümid edirik ki, burada eşidəcəyimiz təcrübə bizə elə əməkdaşlıq qurmağa imkan verəcək ki, bundan həm xarici şirkətlər, həm də hökumət faydalana biləcək».
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR