Nazim İbrahimov Fransa Yəhudi İnstitutları Təmsilçilər Şurasının nümayəndə heyətini qəbul edib

Nazim İbrahimov Fransa Yəhudi İnstitutları Təmsilçilər Şurasının nümayəndə heyətini qəbul edib
# 25 oktyabr 2012 20:41 (UTC +04:00)
Bakı-APA. Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimov Fransa Yəhudi İnstitutları Təmsilçilər Şurasının nümayəndə heyətinin üzvləri ilə görüşüb. Bu barədə APA Diasporla iş üzrə Dövlət Komitəsinə istinadən məlumat verir.
Görüş zamanı N.İbrahimov bu cür səfərlərin əhəmiyyətini yüksək qiymətləndirdiyini vurğulayıb. Dövlət Komitəsinin sədri qeyd edib ki, son illərdə prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycanda həyata keçirilən irimiqyaslı sosial-iqtisadi inkişaf proqramları, nəinki paytaxtın, bütün bölgələrin həyatında mühüm dəyişikliklərə səbəb olub. O, qeyd edib ki, Azərbaycana səfərin qonaqlarda yüksək təəssürat yaradacağına əmindir.
N.İbrahimov Azərbaycanın yeganə probleminin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi olduğunu diqqətə çatdırıb. O, münaqişənin ədalətli həlli üçün dünya birliyinin təcavüzkara qarşı qətiyyətli addımlar atmasına ehtiyac olduğunu vurğulayıb.
N.İbrahimov Azərbaycan diasporunun fəaliyyəti haqqında da nümayəndə heyətinə məlumat verərək bildirib ki, son illərdə bu sahədə də bir sıra nailiyyətlər əldə olunub. Azərbaycan diasporunun əsas məqsədinin Azərbaycanın dünyada tanıdılması, ölkəmiz haqqında beynəlxalq ictimaiyyətin obyektiv məlumatlandırılması olduğunu vurğulayan Dövlət Komitəsinin sədri bu sahədə tərəfdaşların dəstəyinə ehtiyac duyulduğunu deyib. O, qeyd edib ki, Azərbaycan diasporu bir çox xalqların diaspor təşkilatları, o cümlədən yəhudi diasporu ilə sıx əməkdaşlıq edir.
Nümayəndə heyətinin üzvləri, bu səfərə böyük əhəmiyyət verdiklərini və Azərbaycan haqqında təəssüratlarını zənginləşəcəyinə əmin olduqlarını bildiriblər.
Qonaqlar ölkəmizin sürətlə inkişaf etdiyini xüsusi vurğulayaraq, Azərbaycandakı tolerantlığın nümunəvi olduğunu da diqqətə çatdırıblar. Səfər zamanı keçirdikləri görüşlər haqqında danışan qonaqlar, bu cür təmasların çox mühüm olduğunu bildiriblər. Nümayəndə heyətinin üzvləri Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həll edilməmiş qalmasından narahat olduqlarını vurğulayıblar.
Xatırladaq ki, Fransa Yəhudi İnstitutları Təmsilçilər Şurasının nümayəndə heyəti oktyabrın 23-dən Bakıda səfərdədir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR