“Qarabağ”dan ayrılan futbolçu “Teplitse”yə keçib

“Qarabağ”dan ayrılan futbolçu “Teplitse”yə keçib
# 05 yanvar 2016 15:02 (UTC +04:00)

Bakı – APA. “Qarabağ”la yolları ayrılan Vladimir Dimitrovskinin karyerasını hansı klubda davam etdirəcəyi müəyyənləşib. Apasport.az saytı Makedoniya mətbuatına istinadən xəbər verir ki, 27 yaşlı müdafiəçi Çexiyaya qayıdıb.

Belə ki, vaxtilə bu ölkənin “Mlada” klubunda çıxış etmiş Dimitrovski bu dəfə “Teplitse” ilə anlaşıb. Tərəflər arasında bütün məsələlərdə razılıq əldə olunub. Bunu klubun rəsmi saytı da təsdiqləyib. Ancaq makedoniyalı futbolçu yeni komandası ilə hələ rəsmi müqavilə imzalamayıb. Buna səbəb “Teplitse”nin qış fasiləsi ilə əlaqədar, istirahətdə olmasıdı. Komanda istirahətdən qayıdan kimi, Dimitrovski tibbi müayinədən keçəcək və bundan sonra tərəflər arasında sözləşmə imzalanacaq.

Makedoniya mətbuatı Dimitrovskinin “Qarabağ”da xoşbəxt olmadığını yazaraq, bunu futbolçunun az oyun praktikası əldə etməsi ilə bağlayıb.

Qeyd edək ki, “Qarabağ”ın yayda heyətinə qatdığı Dimitrovski transferinin gec reallaşması ilə əlaqədar, Avropa Liqasında Ağdam klubuna kömək edə bilməmişdi. O, Azərbaycan çempionatında cəmi 3 görüşdə “köhlən atlar”ın formasını geyinib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR