Buktreyler Festivalının nəticələri açıqlanıb

Buktreyler Festivalının nəticələri açıqlanıb
# 23 aprel 2016 09:19 (UTC +04:00)

Bakı. Cavid Zeynallı – APA. Nizami Kino Mərkəzində Buktreyler Festivalının nəticələri açıqlanıb.

APA-nın məlumatına görə, Mədəniyyət və Turizm Nazirliyinin təşkilati dəstəyi ilə reallaşan festivalın məqsədi kitab və mütaliənin cəmiyyətimizdə təbliği, mütaliəyə münasibətin yaradıcı formalarının inkişafı və dəstəklənməsi, kino sahəsində istedadlı və yaradıcı gənclərin (rejissor, operator, rəssam, aktyor, qrimçi və s.) üzə çıxarılması, buktreylerlərin incəsənət və biznesdə bir istiqamət kimi inkişafıdır.

Qaliblərin təqdimetmə mərasimində çıxış edən festivalın təsisçisi Ruslan Sabirli bildirib ki, festivala təqdim edilən işlərdən 21-i qəbul olunub və münsiflər heyəti tərəfindən qiymətləndirilib.

Mədəniyyət və turizm nazirinin birinci müavini Vaqif Əliyev qeyd edib ki, layihə gənclərdə kitaba marağın artmasına imkan verir.

Münsiflər heyətinin qərarı ilə birinci yerə Elçin Quliyev, ikinci yerlərə Natiq Axundov və Fərid Rəsulov, 3-cü yerlərə isə Asif Əliyev, Elmin Əliyev və Elçin Elxanlı layiq görülüblər. Birinci, ikinci və üçüncü yerlərin sahibləri müvafiq olaraq 1000, 800 və 500 manat pul mükafatı və diplomla təltif edilib. Səbinə Quliyevaya isə tamaşaçı simpatiyasına görə diplom təqdim edilib.

Qeyd edək ki, müsabiqənin münsiflər heyətinə xalq yazıçısı Çingiz Abdullayev, əməkdar incəsənət xadimi Ramiz Fətəliyev, rejissorlar Elxan Cəfərov və Ülviyyə Könül, kinooperator Nadir Mehdiyev, aktyor Ruslan Sabirli daxildir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR