Balakənin Hənifə kəndi içməli su ilə təmin olunub

Balakənin Hənifə kəndi içməli su ilə təmin olunub
# 10 may 2016 15:08 (UTC +04:00)

Bakı. Vüsal Nəbiyev – APA-Economics. “Azərsu” ASC-nin içməli su çatışmazlığı olan Balakən rayonunun Hənifə kəndində icra olunan layihə uğurla başa çatdırılıb.

ASC-nin mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsindən “APA-Economics”ə verilən məlumata görə, yeni su təchizatı sisteminin açılış mərasimində çıxış edən Balakən rayon icra hakimiyyətinin başçısı İslam Rzayev “Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramı”na uyğun olaraq bölgələrdə genişmiqyaslı infrastruktur layihələrinin həyata keçirildiyini bildirib, ölkə rəhbərliyinin kəndlərin içməli su təchizatının yaxşılaşdırılmasını daim diqqətdə saxladığını vurğulayıb.

“Son illər bölgələrdə həyata keçirilən su, təbii qaz, yol layihələri regionların inkişafına böyük təkan vermiş və əhalinin sosial vəziyyətinin yaxşılaşmasına səbəb olub. Bu istiqamətdə əhalinin içməli su təchizatının yaxşılaşdırılması ilə bağlı görülən işlər xüsusi qiymətləndirilməlidir. Hənifə kəndində istismara verilən su təchizatı sistemləri kəndin sosial inkişafına böyük töhfədir”, - deyə İ.Rzayev vurğulayıb.

“Azərsu” ASC-nin “Birləşmiş Sukanal” MMC-nin direktor müavini Ramin Sadıqov bildirib ki, bölgələrdə, xüsusilə ucqar kəndlərdə içməli su təchizatının yaxşılaşdırılması istiqamətində təxirəsalınmaz tədbirlər görülür: “Prezident İlham Əliyevin respublikanın hər bir şəhər və kəndinin 24 saat fasiləsiz və keyfiyyətli içməli su ilə təmin edilməsi barədə tapşırıqlarına uyğun olaraq bu istiqamətdə bölgələrdə genişmiqyaslı işlər həyata keçirilir. Hənifə kəndində açılışını etdiyimiz su təchizatı sistemləri qısa müddətdə yaradılıb. Artıq kəndin böyük bir hissəsi keyfiyyətli içməli su ilə təmin olunur. Layihənin davamı olaraq su mənbəyinə yaxın küçələrdə paylayıcı şəbəkənin yaradılması nəzərdə tutulur”.

1 200 fərdi ev təsərrüfatından ibarət olan və 6 500 nəfər sakinin yaşadığı Balakən rayonunun Hənifə kəndinin içməli su təchizatının yaxşılaşdırılması layihəsi bir neçə mərhələdə həyata keçirilib. İlkin mərhələdə kənd ərazisində 500 kubmetr tutumu olan su anbarı tikilmiş və 864 sakinin içməli su təchizatı yaxşılaşdırılıb.

2011-ci ildə Hənifə kəndində 1 ədəd artezian quyusu qazılıb və 114 mm diametrli polad borularla 2,4 km su xətti çəkilib. Görülmüş işlər nəticəsində 270 fərdi ev təsərrüfatı olmaqla 945 nəfər sakin dayanıqlı içməli su ilə təmin edilib.

Kəndin digər bir hissəsini su ilə təmin etmək üçün cari ildə yeni subartezian quyusu qazılıb, 16 kubmetr tutumu olan 1 ədəd su çəni quraşdırılıb. Su mənbəyindən kəndə 90 mm diametrli polietilen borularla 1 km su xətti çəkilib. Bununla da 200 ev təsərrüfatı və ya 550 nəfər sakin içməli su ilə təmin edilib.

Ümumilikdə Hənifə kəndində yeni su təchizatı sistemlərinin yaradılması nəticəsində 2 500-dək sakinin içməli su təchizatı yaxşılaşdırılıb.

Qeyd edək ki, Balakən rayonunun Hənifə kəndinin bir hissəsi yerli bələdiyyənin balansında olan su təchizatı sistemlərindən istifadə edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR