Polşa baş nazirinin müavini: “Azərbaycandakı kiçik və orta sahibkarlığı birlikdə inkişaf etdirə bilərik”

Polşa baş nazirinin müavini: “Azərbaycandakı kiçik və orta sahibkarlığı birlikdə inkişaf etdirə bilərik”
# 15 dekabr 2014 20:17 (UTC +04:00)

APA-nın məlumatına görə, qəbulda Azərbaycan və Polşanın yüksək vəzifəli rəsmiləri, o cümlədən Azərbaycan-Polşa hökumətlər arası müştərək komissiyasının azərbaycanlı həmsədri, energetika naziri Natiq Əliyev və hər iki ölkənin iş adamları iştirak ediblər.

Qəbul zamanı jurnalistlərə açıqlama verən Y.Pexoçinski bildirib ki, son zamanlar Ukrayna böhranı və Avropa Birliyinin Rusiya ilə münasibətlərinin pisləşməsi fonunda bölgədəki iqtisadi vəziyyətdə də gərginlik hiss olunur: “Artıq “Cənub axını” layihəsinin ləğv olunmasından xəbəriniz var. Bölgədəki bir sıra layihələr baş tutmamış qalır. Yeni tərəfdaşlar və yeni imkanlar axtarıb-tapmaq, yoxlanılmış tərəfdaşlarla münasibətləri daha da genişləndirmək çox vacibdir. Polşanın da, Azərbaycanın da ikitərəfli əlaqələri genişlətmək üçün böyük potensialı var. Kənd təsərrüfatı ilə yanaşı, enerji sektorunda da ciddi addımlara, yeni tərəfdaşlara və yeni layihələrə ehtiyac var. Biz qarşılıqlı investisiyaları genişləndirə, ticarət dövriyyəsini bir neçə dəfə artıra bilərik. Azərbaycan bizim mühüm tərəfdaş kimi dəyərləndirdiyimiz ölkələrdəndir”.

O qeyd edib ki, Azərbaycanın kənd təsərrüfatının inkişafında Polşa böyük dəstək göstərə bilər: “Əgər siz kənd təsərrüfatı məhsullarını bir ildə 3 dəfə artıra bilərsinizsə, Polşa bazarında da bu məhsullara yer tapmaq mümkündür. Rusiya bazarında 250 min ton meyvə və tərəvəz satırsınız, onların əksəriyyəti isə emal olunmamış məhsullardır. Bizim texnologiyamız var, onu burda tətbiq etməklə, birlikdə Azərbaycanın kənd təsərrüfatını, burdakı kiçik və orta sahibkarlığı inkişaf etdirməyi təklif edirik. Azərbaycan məhsulları Polşa bazarına münasib formada çıxa bilər, nəticədə hazırkı əməkdaşlığın həcmi bir neçə dəfə artmış olar”.

Azərbaycanın energetika naziri Natiq Əliyev isə bildirib ki, rəsmi Bakı Polşanın Azərbaycanla tərəfdaşlığa göstərdiyi marağı yüksək qiymətləndirir: “Biz bu marağını görürük və bu maraq qarşılıqlıdır. Cənab Pexoçinskinin 60 nəfərdən çox nümayəndə heyəti ilə Bakıya səfər etməsi, Polşanın Azərbaycana necə önəm verdiyinin nümunəsidir. Adətən, komissiyaların iclasına 8-9 hökumət nümayəndəsi qatılır. Lakin bu səfərdə Polşanın müxtəlif sektorlara aid iş adamları da iştirak edir. Polşa tərəfi bəzi sənədlərdə bizə güzəştlər də təklif etdi. Görüşlərimiz zamanı əsas diqqətçəkən məqam o oldu ki, biz ticarət dövriyyəsindən çox, qarşılıqlı investisiyalardan danışdıq. Polşa tərəfi etiraf etdi ki, bu ölkədə Azərbaycana böyük maraq yaranıb və Azərbaycan Polşanın “11 prioritet ölkə” siyahısındadır. Prezidentlə görüşdə geniş müzakirələr aparıldı. Bir neçə prioritet seçdik, Polşa və Azərbaycan bankları tərəfindən bu sahələrə dəstək verilməsi, eyni zamanda dövlətin münasib şərtlər yaratması məsələləri müzakirə olundu. Komissiyanın iclasında da, demək olar ki, müzakirə etmədiyimiz bir sahə də qalmadı”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR