Özəl şirkətdə işləyən müharibə veteranlarına hansı güzəştlərin mümkün olduğu məlum olub.
APA-nın xəbərinə görə, “Sosial saat” verilişində Dövlət Əmək Müfəttişliyi Xidmətinin rəisi Fuad Heydərov deyib ki, Əmək Məcəlləsində müharibə iştirakçıları və müharibə veteranları üçün bəzi imtiyazlar nəzərdə tutulub.
O bildirib ki, bunun biri əmək müqaviləsinə ixtisarla xitam verilməsi ilə bağlıdır:
“Belə ki, 78-ci maddədə qeyd olunub ki, işəgötürən ixtisar zamanı eyni peşə xüsusiyyətlərinə malik şəxslər arasında seçim etdikdə müharibə iştirakçılarına üstünlük verməlidir. Bundan başqa, Əmək Məcəlləsinin 130-cu maddəsində qeyd edilir ki, müharibədə döyüşən ordunun tərkibində iştirak etmiş şəxslərə 14 təqvim gününədək ödənişsiz məzuniyyət verilir. Müharibə veteranları üçün əmək məzuniyyətinin növbədənkənar istifadəsi hüququ nəzərdə tutulub. Müharibədə iştirak edən və yaralanan şəxslərə bəzi məzuniyyət hüquqları da müəyyən edilib. Əmək Məcəlləsinə hazırlanan dəyişiklik layihəsinə əsasən, Müharibə veteranlarına daha bir hüquq müəyyən edilib. Dəyişikliyə əsasən, Əmək Məcəlləsinin 120-ci maddəsində "Müharibə veteranı" adı da əlavə ediləcək”.
Qeyd edək ki, Əmək Məcəlləsinin 120-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda xəsarət (yaralanma, travma, kontuziya) alan işçilərə, Azərbaycan Respublikasının Vətən Müharibəsi Qəhrəmanlarına, Azərbaycanın Milli Qəhrəmanlarına, Sovet İttifaqı Qəhrəmanlarına, 1941-1945-ci illər müharibəsində döyüş əməliyyatlarında iştirak etmiş, habelə hərbi xidmətdə olmuş, lakin döyüş əməliyyatlarında iştirak etməmiş hərbi qulluqçulara, İstiqlal ordeni ilə, habelə Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyünün müdafiəsi ilə bağlı digər dövlət təltifləri ilə təltif olunmuş işçilərə məzuniyyət 46 təqvim günündən az olmayaraq verilir. Beləliklə, Əmək Məcəlləsinə dəyişiklikdən sonra Müharibə veteranlarına da məzuniyyət 46 təqvim günündən az olmayaraq veriləcək.