Bugünkü hərracda altı dövlət müəssisəsi özəlləşdirilib

Bugünkü hərracda altı dövlət müəssisəsi özəlləşdirilib
# 17 oktyabr 2017 10:10 (UTC +04:00)

Əmlak Məsələləri Dövlət Komitəsi (ƏMDK) bu gün dövlət əmlakının özəlləşdirilməsi üzrə növbəti hərrac keçirib.

Komitədən "APA-Economics"ə verilən məlumata görə, hərracda özəlləşdirilən əmlaklardan 6-sı kiçik dövlət müəssisəsi, 7-si istifadəsiz qeyri-yaşayış sahəsi, 3-ü yarımtikili, 3-ü isə nəqliyyat vasitəsidir.

Bakı şəhəri üzrə 6 istifadəsiz qeyri yaşayış sahəsi və 3 nəqliyyat vasitəsi, respublikanın digər şəhər və rayonları üzrə 6 kiçik dövlət müəssisəsi, 1 istifadəsiz qeyri yaşayış sahəsi, 3 yarımtikili özəlləşdirilib.

Budəfəki hərrac da rəqabətli şəkildə keçib. Belə ki, paytaxtın Səbail rayonunda yerləşən ümumi faydalı sahəsi 31,4 kv.m olan qeyri-yaşayış sahəsinin ilkin start qiyməti 10 min manat olmasına baxmayaraq ən son 17 min manata özəlləşdirilib.

Hərracda ən yüksək qiymətə özəlləşdirilən kiçik dövlət müəssisəsi isə Şəki şəhərində yerləşən İdman Sağlamlıq Mərkəzi olub. Həmin əmlakın ümumi faydalı sahəsi 1000 kv.m-dən çox, torpaq sahəsi isə 6 min 500 kv.m-ə yaxındır. Qeyd edilməlidir ki, əmlak torpaq sahəsi ilə birgə özəlləşdirilib.

Hərracda sənaye sahəsində əlverişli olan kiçik dövlət müəssisəsi də özəlləşdirilib. Şəmkirdə yerləşən yun qəbulu məntəqəsi bu kateqoriyaya aid olmaqla investorlar üçün yaxşı gəlir mənbəyidir. Həmin əmlakın ümumi faydalı sahəsi 1300 kv.m-ə yaxın torpaq sahəsi isə 3 min kv.m-dən çoxdur.

Qeyd edək ki, Şəmkirdə yerləşən yun qəbulu məntəqəsi kimi müəssisələrin özəlləşdirilməsi və yenidən fəaliyyətə cəlb edilməsi həm kənd təsərrüfatı, həm də yüngül sənayenin inkişafına töhfə verir. Bu isə daxili geyim tələbatımızın ödənilməsinə, xarici bazarlardan asılılığımız aradan qalxmasına səbəb olur. Bundan başqa özəlləşdirilən əmlakların paytaxtla yanaşı regionlarda yerləşməsi də bölgələrdə yeni iş yerlərinin açılmasına, regionların iqtisadi potensialının artmasına şərait yaradır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR