Xətai rayonunda yanan binaya görə həbs olunan şirkət rəhbəri məhkəmədə özünü təqsirli bilməyib

Xətai rayonunda yanan binaya görə həbs olunan şirkət rəhbəri məhkəmədə özünü təqsirli bilməyib
# 12 sentyabr 2017 14:34 (UTC +04:00)

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində yanğın təhlükəsizliyi qaydalarını pozmada təqsirləndirilən Məmməd Vəliyevin cinayət işi üzrə məhkəmə istintaqı başlayıb.

APA-nın xəbərinə görə, hakim Fikrət Qəribovun sədrliyi ilə keçirilən prosesdə prokuror ittiham aktını elan edib. M. Vəliyev elan olunan ittiham üzrə özünü təqsirli bilməyib. O, əməlində cinayət tərkibi olmadığını deyib.

Qeyd edək ki, 2015-ci il aprelin 10-da Bakı şəhəri, Xətai rayonunda "TNH" şirkəti tərəfindən fasadında “poliuretan” materialla üzləmə işləri aparılan doqquzmərtəbəli yaşayış binasında ağır nəticələrə səbəb olan yanğın qeydə alınıb. Bununla bağlı “TNH” şirkətinin fəaliyyətinə və görülən işlərə faktiki rəhbərliyi həyata keçirən Fərid Sadıqov, şirkətin direktoru Zaur Əşrəfov, şirkət direktorunun tikinti işləri üzrə müavini Nüsrət Muxtarov tutulublar. Onlar Cinayət Məcəlləsinin 225.2-ci (ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və digər ağır nəticələrə səbəb olan yanğın təhlükəsizliyi qaydalarını pozma) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda) maddələri ilə təqsirləndiriliblər.

N. Muxtarov saxlandığı Bakı İstintaq Təcridxanasında vəfat edib.

Şirkətin rəhbərlərindən biri olan M. Vəliyev həmin vaxt ölkədə olmadığından sonradan həbs olunub. Ona qarşı Cinayət Məcəlləsinin 225-ci (yanğın təhlükəsizliyi qaydalarını pozma) maddəsi ilə ittiham irəli sürülüb.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə F. Sadıqov və Z.Əşrəfov barəsində Cinayət Məcəlləsinin 70-ci (şərti) maddəsi tətbiq edilərək, onlara şərti cəza verilib. Həmin şəxslər məhkəmə zalından azadlığa buraxılıb.


N. Muxtarovun cinayət işinə isə xitam verilməsi barədə hökm çıxarılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR