BAXCP-də AŞPA-nın Mühafizəkarlar qrupunun sədri ilə görüş keçirilib

BAXCP-də AŞPA-nın Mühafizəkarlar qrupunun sədri ilə görüş keçirilib
# 23 noyabr 2016 13:42 (UTC +04:00)

Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri, millət vəkili Qüdrət Həsənquliyev partiyanın mənzil-qərargahında Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Avropa Mühafizəkarları Qrupunun sədri Yan Liddel-Qrenqerlə görüşüb.

BAXCP mətbuat xidmətindən APA-ya verilən məlumata görə, görüşdə BAXCP-nin tamhüquqlu üzv olduğu Avropa Mühafizəkarlar və İslahatçılar Alyansı ilə əməkdaşlığın perspektivləri, Dağlıq Qarabağ münaqişəsinin ədalətli həllinə maneə yaradan səbəblər və digər məsələlər müzakirə olunub. BAXCP sədri Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi, ölkədə həyata keçirilən və keçirilməsi labüd olan iqtisadi, siyasi və hüquqi islahatlar barədə partiyanın mövqeyini Yan Liddel-Qrenqerin diqqətinə çatdırıb. O, Azərbaycanın torpaqlarının işğal altında olmasının ölkə və region üçün yaratdığı problemlərdən də söz açıb.

AŞPA-nın Avropa Mühafizəkarları Qrupunun sədri Yan Liddel-Qrenqer Azərbaycanla əlaqələrə mühüm önəm verdiklərini və bütün prosesləri diqqətdə saxladıqlarını bildirib. O deyib ki, Avropa Mühafizəkarları Qrupu Dağlıq Qarabağ münaqişəsinin ədalətli həllində maraqlıdır və bölgədə sülhün, əmin-amanlığın tezliklə bərpa olunmasını arzulayır. Qonaq azərbaycanlı tərəfdaşlarının mövqeyini qrup üzvlərinin diqqətinə çatdıracağını və fəaliyyətlərində nəzərə alacaqlarını söyləyib.


Görüşdə Avropa Mühafizəkarlar və İslahatçılar Alyansının AŞPA-dakı qrupunun baş katibi Tom Van Dik, BAXCP-nin baş katibi Yaşar Kələntərli, Ali Məclisin sədri Vaqif Abışov, BAXCP sədrinin müavinləri Elçin Mirzəbəyli və Niyaməddin Orduxanlı iştirak ediblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR