Ombudsman Rusiya səfiri ilə görüşüb

Ombudsman Rusiya səfiri ilə görüşüb
# 10 yanvar 2020 19:15 (UTC +04:00)

Yanvarın 10-da Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva Rusiyanın Azərbaycandakı səfiri Mixail Boçarnikov ilə görüşüb.

Ombudsman Aparatının mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Müvəkkil Ombudsman institutunun əsas fəaliyyət istiqamətləri barədə ətraflı məlumat verib.

Rusiyanın İnsan Hüquqları üzrə Müvəkkili ilə qurulan sıx əməkdaşlıq çərçivəsində Azərbaycan vətəndaşlarının Rusiya ərazisində, Rusiya vətəndaşlarının isə ölkəmizin ərazisində hüquq və azadlıqlarının təmin edilməsi, o cümlədən şəxslərin öz iradələri ilə tərk edə bilmədikləri yerlərdə saxlanılanların vəziyyətinin müntəzəm araşdırılması, yerlərdə birgə görüş keçirilməsi və məsləhətləşmələr aparılması, deportasiya, yaxud ekstradisiya olunan şəxslərə ombudsmanların səlahiyyətləri daxilində yardım göstərilməsi istiqamətində səmərəli fəaliyyət mexanizmi formalaşdırıldığı vurğulanıb.

Bundan başqa, Azərbaycan Ombudsmanının Rusiyanın İnsan Hüquqları üzrə Müvəkkilinə müraciətindən sonra “ailə birləşməsi” beynəlxalq prinsip və qanunvericilikdə nəzərdə tutulmuş inzibati xətaya görə məsuliyyəti yüngülləşdirən hallar nəzərə alınaraq, həmin ölkədə yaşayan azərbaycanlılar barəsində ölkə hüdudlarından məcburi kənara çıxarılma və girişə məhdudiyyət qoyulması haqqında bir neçə qərarlara yenidən baxılıb və həmin şəxslərin xeyrinə müvafiq qərarlar qəbul edilib. Eyni zamanda, Rusiyanın Azərbaycandakı səfirliyi ilə davam etdirilən əməkdaşlıq çərçivəsində ölkəmizin ərazisində qeyri-müəyyən vəziyyətdə yaşayan, xüsusilə uşaq və ahıl yaşlı olan Rusiya vətəndaşlarının sənədləşmə və digər problemlərinin həllinə nail olunub.

Səfir görüşün səmərəli və qarşılıqlı faydalı əməkdaşlığın inkişafı baxımından mühüm əhəmiyyət kəsb etdiyini bildirib. M. Boçarnikov strateji tərəfdaşlıq xarakteri daşıyan və müxtəlif sahələri əhatə edən Rusiya-Azərbaycan münasibətlərinin dinamik inkişafının məmnunluq doğurduğunu ifadə edib.

O, iki ölkənin prezidentləri, eyni zamanda, tanınmış şəxsləri arasında etimada əsaslanan dostluq münasibətlərinin Rusiya-Azərbaycan əlaqələrinin inkişafına xüsusi töhfə verdiyini diqqətə çatdırıb.

Sonda qarşılıqlı maraq doğuran bir sıra məsələlər müzakirə olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR