BMT Günü və BMT-Azərbaycan münasibətlərinin 25 illiyinə həsr olunmuş tədbir keçirilib

BMT Günü və BMT-Azərbaycan münasibətlərinin 25 illiyinə həsr olunmuş tədbir keçirilib
# 24 oktyabr 2017 17:55 (UTC +04:00)

Bu gün BMT-nin Azərbaycandakı nümayəndəliyi qurumun yaradılmasının 72-ci ildönümü- BMT Günü və BMT-Azərbaycan münasibətlərinin 25 illiyinə həsr olunmuş tədbir keçirilib.

APA-nın məlumatına görə, tədbir Azərbaycan dövlət himninin səsləndirilməsi ilə başlayıb.

BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi və BMT-nin İnkişaf Proqramının (BMTİP) rezident nümayəndəsi Qulam İsakzai deyib ki, 72 il əvvəl BMT Xartiyasının üzv dövlətlər tərəfindən ratifikasiya edilməsi ilə BMT yaranıb: "Biz bu gün həm də Azərbaycanın BMT-yə üzvlüyünün və BMT-Azərbaycan münasibətlərinin 25 illiyini qeyd edirik. 25 illik münasibətlərlə kitab dərc olunub, kitabda 100 fotoşəkil yer alıb. Azərbaycan BMT-nin sülhyaratma əməliyyatlarına, BMT-nin müxtəlif tədbirlərinin ölkənizdə keçirilməsinə böyük dəstək verir, BMT-nin müxtəlif qurumlarına üzvdür. BMT Azərbaycan xalqının ən çətin və ən yaxşı anlarında ən yaxın tərəfdaşı olub. Hamını BMT Günü münasibəti ilə təbrik edirəm".

BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Q. İsakzai BMT-Azərbaycan münasibətlərinin 25 illiyi münasibəti ilə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin poçt markası buraxdığını nəzərə çatdırıb və buna görə nazirliyə təşəkkür edib.

Xarici işlər nazirinin müavini Mahmud Məmmədquliyev bildirib ki, Azərbaycanın BMT-yə üzvlüyü Azərbaycanın müstəqilliyi qədər möhtəşəm olub: "BMT-nin rezident əlaqələndiricilərinə də fəaliyyətlərinə görə təşəkkür edirik. Azərbaycan BMT ilə münasibətlərinin inkişaf etdirilməsinə və əlaqələrin şaxələndirilməsinə çalışıb. Azərbaycan özünü beynəlxalq arenada sadiq və etibarlı tərəfdaş kimi nümayiş etdirib. Bu illər ərzində Azərbaycana dəstəyinə görə BMT-yə təşəkkürümüzü bildiririk. Bu gün Azərbaycan BMT-də hümanitar və insan hüquqları ilə bağlı çox mühüm qətnamələrin qəbul edilməsində fəal iştirak edib. Azərbaycan qısa müddətdə BMT-nin ən mühüm strukturlarına üzv seçilib. Bu sırada BMT-nin Təhlükəsizlik Şurası, BMT İnsan hüquqları üzrə komissiyası və digər strukturlar var. Münasibətlərin qurulmasına və inkişafında maraqlı olan bütün BMT nümayəndələrinə təşəkkür etmək istəyirəm".

Tədbirdə BMT baş katibi Antonio Guterresin videomüraciəti səsləndirilib.

Tədbir bədii hissə ilə davam edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR