Nazir müavini: “Azərbaycanda İKT sektoru və bazarlarını əsas 3 istiqamət üzrə genişləndirməyi planlaşdırırıq”

Nazir müavini: “Azərbaycanda İKT sektoru və bazarlarını əsas 3 istiqamət üzrə genişləndirməyi planlaşdırırıq”
# 26 sentyabr 2014 11:29 (UTC +04:00)

Bakı. Aynur Əliyeva - APA-Economics. Azərbaycan Rabitə və Yüksək Texnologiyalar Nazirliyi (RYTN) informasiya-kommunikasiya texnologiyaları sektoru və bazarlarını əsas 3 istiqamət üzrə genişləndirməyi planlaşdırır.

Bu barədə rabitə və yüksək texnologiyalar nazirinin müavini İltimas Məmmədovun “Xalq qəzeti”ndə dərc olunan məqaləsində bildirilir.

“Birinci istiqamət infrastruktur layihələri, o cümlədən daxildə Azərbaycan üçün informasiya şəbəkə infrastrukturunun inkişaf etdirilməsidir. İkinci istiqamət elektron, innovativyönümlü xidmət və məhsulların istehsalı, eyni zamanda daxili tələbatı ödəməklə yanaşı, onların xarici, regional bazarlara çıxarılmasıdır. Üçüncü istiqamət isə regional və daxili bazarda informasiya texnologiyaları xidmətlərinin genişləndirilməsi, həmçinin bu xidmətlərin xarici bazarlara çıxışının təmin edilməsidir”, - deyə məqalədə qeyd olunur.

İ. Məmmədov bildirib ki, Azərbaycan bazarında yeni tipli, rəqabətqabiliyyətli müxtəlif kompüter hissələri və növləri, planşetlər, digər texnikaların yığılmasına böyük ehtiyac var. Bu məhsulların regional bazarlara çıxışının təmin edilməsi nəzərdə tutulub.

“Həmçinin kosmik texnologiyaları da genişləndirmək, inkişaf etdirmək niyyətindəyik. Bu gün Azərbaycana məxsus yer səthinin müşahidəsi üçün peykin aşağı yer orbitinə çıxarılması, yüksək ayrıdetməli optik peykin orbitə çıxarılması istiqamətində işlər aparılır. İKT xidmətlərinin də genişləndirilməsi nəzərdə tutulub. Burada əsasən daxili kontentin genişləndirilməsi, həmçinin regional ölkələr üçün xidmətlərin istehsalı nəzərdə tutulub. Bunun üçün bir neçə layihənin icrası, o cümlədən yeni Data mərkəzlərinin qurulması və yeni kontentlərin yaradılması, eyni zamanda Azərbaycanda internet şlüzlərinin genişləndirilməsi, gücləndirilməsi planlaşdırılır”, - deyə nazir müavini qeyd edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR