Türkiyə klubu Azərbaycanda oynamaq istəyən futbolçudan FİFA-ya şikayət edib

Türkiyə klubu Azərbaycanda oynamaq istəyən futbolçudan FİFA-ya şikayət edib
# 01 avqust 2013 12:44 (UTC +04:00)

Bakı – APA. “Mbilla Etame artıq bizim futbolçu deyil. O, komandamızla müqaviləsini pozub”. Bu fikirləri apasport.az saytına açıqlamasında Türkiyənin PTT I liqasında mübarizə aparan “Adanaspor” klubunun baş koordinatoru Badel Gülcər deyib.

Adana təmsilçisinin şərəfini qorumuş 25 yaşlı Mbilla Etamenin karyerasını Azərbaycanda davam etdirəcəyi gözlənilir. Belə ki, kamerunlu legioner hücumçu axtarışında olan “Xəzər Lənkəran”ın maraq dairəsinə düşüb.

Amma Mbillya “Adanaspor”dan qalmaqalla ayrılıb. Gülçərin sözlərinə görə, futbolçu qanunsuz olaraq klubla müqaviləsini birtərəfli şəkildə pozub. Bu səbəbdən komanda rəhbərliyi əvvəl Türkiyə Futbol Federasiyasına, sonra isə FİFA və UEFA-ya şikayət edib.

“Onun klubla 2014-cü il mayın 31-dək müqaviləsi vardı. Ancaq Etame “Adanaspor”da qalmaq istəmədiyindən, anlaşmasını özü ləğv etdi. Futbolçunun maddi problemləri yox idi. Ümumiyyətlə, Türkiyədə oynamaq istəmədi. Bunun səbəbini özündən soruşmaq lazımdır” – deyə, baş koordinator bildirib.

Gülçər, həmçinin vurğulayıb ki, Etamenin karyerasını Azərbaycanda davam etdirəcəyi haqda hansısa məlumata malik deyil: “O, sərbəst futbolçu olduğundan hansı komandaya keçməyə artıq özü qərar verəcək”.

Xatırladaq ki, 2008-ci ildən Adana təmsilçisinin formasını geyinən Etame 125 oyunda 55 qol vurub. Türkiyə mətbuatının iddiasına görə, futbolçunu Almaniyanın "Union Berlin" və Türkiyənin "Karşıyaka" klubları da istəyir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR