Dini Qurumlar üzrə Dövlət Komitəsi İmişlidə regional konfrans keçirib

Dini Qurumlar üzrə Dövlət Komitəsi İmişlidə regional konfrans keçirib
# 20 may 2015 02:36 (UTC +04:00)

İmişli. Əlibəy Zeynallı-APA. İmişlidə mayın 19-da “Ənənəvi islam dəyərləri və müasirlik” mövzusunda regional konfrans keçirilib.

APA-nın Mil-Muğan bürosunun məlumatına görə, İmişli şəhər Heydər Əliyev Mərkəzində Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin İmişli Rayon İcra Hakimiyyəti ilə birgə keçirdiyi regional konfransda İmişli, Saatlı, Sabirabad və Beyləqan rayonlarından dini icmaların rəhbərləri, din xadimləri, ziyalılar və gənclər iştirak ediblər.

Tədbirdə çıxış edənlər dövlət-din münasibətlərindən, ölkəmizin tolerantlıq ənənələrindən, xalqımızın bütün dinlərə və konfessiyalara dözümlü münasibətindən, cəmiyyətdə sabitliyin möhkəmləndirilməsində belə keyfiyyətlərin əhəmiyyətindən və s. danışıblar.

DQİDK sədri Mübariz Qurbanlı konfransda çıxış edərək, ümumbəşəri dəyərlərə münasibətdə zəngin təcrübəyə malik Azərbaycanda islamın tarixi, milli-mənəvi dəyərlərimizdə yeri, bu dəyərlərin yad təsirlərdən qorunması ilə əlaqədar məsələlərdən danışıb. Komitə sədri geosiyasi maraqların getdikcə şiddətlənməsinin təhlükəli həddə çatdığını, belə bir şəraitdə dünyada radikalizm meyllərinin güclənərək dəhşətli nəticələrə səbəb olduğunu vurğulayıb. O, bildirib ki, bu gün bəzi müsəlman ölkələrində baş verən hadisələr, silahlı münaqişələr məhz geosiyasi maraqların toqquşmasından irəli gəlir: “Bəzi qüvvələr islamı siyasiləşdirərək daxildə qarışıqlıq yaratmaqla onu gözdən salmağa çalışır, terrorla əlaqələndirmək istəyirlər”.

Komitə sədri bu cür hallara qarşı birgə mübarizənin əhəmiyyətini, bu sahədə maarifləndirmənin zəruri olmasını önə çəkib.

Konfrans başa çatdıqdan sonra komitə sədri M. Qurbanlı İmişlidəki “Cümə” məscidində dindarlarla görüşüb, məscidə hədiyyə təqdim edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR